Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məqama da toxunur:“Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Bu həm də o anlama gəlir ki, Tramp ermənilərin sülh danışıqları formatını dəyişmək cəhdini də qəbul etmədiyini dolayısı ilə söyləyib. Trampın bu eyhamına başqa hansı adı vermək olar?
“Ermənistanın danışıqlardan yayınmaqla bağlı cızdığı plan özünə tərəfdar tapa bilmədi”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, son bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq:“Bunlardan ən başlıcası Ermənistanın danışıqların formatını dəyişmək cəhdidir. Bu, danışıqlar prosesini bloklamağa yönəlmiş hərəkətlərdir. Bunu beynəlxalq təşkilatlar da etiraf edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri müvafiq bəyanatla çıxış ediblər. Onlar Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur və onu dəyişmək cəhdi danışıqlar prosesindən yayınmaq cəhdidir. Azərbaycan rəhbərliyi də dəfələrlə bildirib ki, heç bir format dəyişikliyindən söhbət gedə bilməz. Trampın məktubunda da ənənəvi formatda danışıqların aparılmasının zəruriliyinə işarə olunur. Bütün bunlar sübut edir ki, Ermənistanın danışıqlardan yayınmaqla bağlı cızdığı plan özünə tərəfdar tapa bilmədi. Trampın məktubundakı vacib məqamdan deyilən nəticəni çıxara bilərik”.
Məhəmmədəli QƏRİBLİ