Son vaxtlar ölkəmizdə ciddi antikorrupsiya tədbirlərinin həyata keçirildiyini görürük. Bunların fonunda öz peşə fəaliyyətindən sui-istifadə hallarına da rast gəlinir. Xüsusilə də adına “reket” media deyilən jurnalistlər mövcud vəziyyətdən öz xeyirləri üçün yararlanıb, məmurları şantaj etmək yolunu tutublar.
Baş Prokurorluqdan verilən məlumata görə, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq, barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul tələb etdikləri müəyyən olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ölkədə aparılan islahatlardan şəxsi məqsədləri üçün məmurları şantaj edən “media” mənsubları ilə mübarizə hansı səviyyədə aparılmalıdır?
“Dünyada belə bir praktika yoxdur, ancaq biz bunu edə bilərik”
Media eksperti Azər Həsərət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, jurnalistika adı ilə kimisə şantaj edib pul qazanmaq yolverilməzdir və bu, cinayət əməli sayılır: “Hüquq-mühafizə orqanlarının belə saxta jurnalistləri ifşa etməsi bizim ümumi işimizin xeyrinədi. Düşünürəm ki, burada gizli bir məqam da yoxdur. Çünki ortalıqda konkret olaraq səs və videoyazılar var. Hətta onlara verilən pullar xüsusi maddə ilə boyanmışdı ki, bu da rüşvətlə bağlı əməliyyatlarda istifadə olunur. Söhbət 10 min manat rüşvətdən gedirdi. Əməliyyatın indiki mərhələdə keçirilməsi də əhəmiyyətlidir. Bir tərəfdə dövlət qulluğunda olan məmurlar ifşa edilir, digər tərəfdə isə jurnalistika adından istifadə edənlər məsuliyyətə cəlb olunur. Biz belə prosesə dəstək verməliyik. Ola bilər ki, hansısa məmur korrupsionerdi və qorxusundan belə media nümunələrinə pul verir. Əminəm ki, istintaq bu versiyaları da nəzərdən keçirəcək. Jurnalistlərin belə faktdan sui-istifadə etməsi isə tamamilə yolverilməzdi. Biz bu istintaqın sonunu gözləməliyik. Sonda yəqin ki, adamlar öz günahlarını etiraf edəcəklər. Mən illərdi deyirəm ki, jurnalistikaya ləkə yaxan, onun adından istifadə edən şəxslərin bəlli bir müddətdə həmin peşə ilə məşğul olmaları qanunla qadağan olunmalıdır. Necə ki, sürücülərə verilən cəzalar arasında bəlli bir müddətə sürücülük hüququndan məhrum etmə var. Bizim sahəyə də bu tətbiq edilməlidir. Dünyada belə bir praktika yoxdur, ancaq biz bunu edə bilərik. Çünki həmin qadağanın təsirinə heç vaxt əsl jurnalistlər düşməyəcək”.
Məhəmmədəli QƏRİBLİ