Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub ki, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir: “Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Göründüyü kimi, Tramp həm koronavirusla mübarizədə, həm də Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olacağını, sözügedən məsələlərlə bağlı dəstəyini əsirgəməyəcəyini bildirdi. Ümumən bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Bu, münaqişənin həllində ABŞ-ın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi anlamına gəlir”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrə xüsusi önəm verir: “Məsələ ondadır ki, sözügedən təbrik məktubunda ölkəmizlə bağlı olduqca önəmli məqamlar öz əksini tapıb. Donald Tramp Azərbaycanla bağlı mövqeyini ifadə edərkən iki böyük dövlət, iki böyük xalq ifadəsini işlədib. ABŞ kimi fövqəldövlətin Azərbaycana münasibətdə analoji terminologiyadan istifadə etməsi onu göstərir ki, rəsmi Vaşinqton ölkəmizin beynəlxalq aləmdə çəkisinə xüsusi önəm verir.
Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, Azərbaycan dünya miqyasında böyük dövlət deyil, lakin onun sözünün mənası, çəkisi böyükdür. Hesab edirəm ki, Tramp cənab İlham Əliyevin məhz bu fikirlərini təsdiq edərək ölkəmizə xüsusi önəm verib. Eyni zamanda, sözügedən məktubda Azərbaycanın beynəlxalq təhlükəsizlikdə oynadığı rola da xüsusi önəm verilib. Bu da çox önəmli məsələdir. Həmçinin, Azərbaycanın pandemiya dövründəki davranışı və atdığı addımlar dəstəklənir. Ən mühüm məsələlərdən biri ABŞ-ın Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə verdiyi dəstəkdir. Bu o baxımdan əhəmiyyətlidir ki, ABŞ-ın Minnisota ştatı separatçı qurumun “müstəqilliyinin” tanınması ilə bağlı qərar qəbul edib. Belə bir məqamda Trampın məktubunda yer alan məqamlar çox böyük məna kəsb edir və bunun böyük çəkisi var. Minsk Qrupunun həmsədri olan bir dövlətin prezidentinin belə fikirlər işlətməsi çox önəmlidir. Bu, münaqişənin həllində ABŞ-ın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi anlamına gəlir”.
Vidadi ORDAHALLI