“Çox keçmədən hakimiyyətini itirəcəyini anlayan Nikol Paşinyan qanunsuz olaraq maliyyə qaynaqları toplamağa çalışır”. Bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Facebook”dakı növbəti videomüraciətində deyib.
Qeyd edək ki, bu yaxınlarda keçmiş səfir Nikol Paşinyanın cinayətkarlığı barədə təkzibedilməz dəlillərə sahib olduğunu və onları xüsusi xidmət orqanlarına təqdim etməyə hazır olduğunu demişdi. Tezliklə Minasyanın özünə qarşı məhkəmə işi açıldı və onun tutulmasına cəhdlər edildi.
Yeni bir mesajda Minasyan indi Paşinyan gücünü itirdikdən sonra həyatının yüksək keyfiyyətini qoruyub saxlamağa imkan verən bir potensial yaratmağa çalışdığını və bunun üçün Ermənistanın nüfuzuna təsir göstərən beynəlxalq mafiya sisteminə qarışdığını söylədi.
Diplomatın sözlərinə görə, Paşinyan siqaret qaçaqmalçılığı ilə məşğul olur: “Bu qanunsuz siqaretlə dolu bir təyyarədir. Ermənistan hakimiyyəti bu xəbəri ört-basdır etmək üçün hər şeyi etdi. Hekayə də budur. Sənədlərə görə, təyyarə Ermənistanın Zvartnots hava limanından Əfqanıstana yola düşüb. Əfqanıstandan ən məntiqsiz bir məsafədə, Rusiyanın Krasnodar hava limanına gəldi və sonra Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutuldu və məsuliyyətə cəlb edildi”.
Onun sözlərinə görə, əməliyyat məlumatları göstərir ki, Nikol Paşinyan bu işdə birbaşa iştirak edir, çünki yaxın qohumu Sipan Paşinyan Ermənistanda bu işin təşkilatçısıdır. Siqaret alır və ixrac barədə qərar qəbul edir, çünki Rusiyada satmaq imkanı var. İstintaq, həmçinin, bu əməliyyat üçün “xeyir-dua”nın Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın verdiyi barədə birbaşa sübutlara malikdir: “Ermənistan Respublikası və Rusiya Federasiyasının xüsusi xidmət orqanlarında bu faktlar var. Qırğınlar başlayır”.
Onu da qeyd edək ki, bir həftədir Ermənistan hakimiyyəti müxtəlif kanallar vasitəsilə məlumatı təkzib etmək və onun sonrakı yayılmasının qarşısını almaq üçün cəhdlər edir. Bütün bunlar Paşinyanın həqiqətən də qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğunu sübut edir.
“Rusiya istənilən vaxt bu faktlardan ona qarşı istifadə edə bilər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, erməni diplomatın Paşinyanla bağlı səsləndirdiyi faktlar biabırçı bir mənzərəni ortaya çıxarır: “Diletant kimi demokratiyadan, şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən danışan Baş nazir gör hansı fəaliyyətlə məşğuldur. Nəzərə almaq lazımdır ki, bunu sıradan bir erməni vətəndaşı yox, kifayət qədər məlumata malik olan bir diplomat deyir. Bunu müxalifət təmsilçisi desəydi, o dəqiqə bunda siyasi motiv axtarardılar. Səfir qeyd edir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır. Şübhə etmirəm ki, Rusiya istənilən vaxt bu faktlardan Paşinyana qarşı istifadə edə bilər. Mənə elə gəlir ki, məlum qalmaqal Paşinyanın sosial dayaqlarının daha da zəifləməsinə öz təsirini göstərəcək. Görünür, bu faktlar doğrudur ki, Paşinyan bütün vasitələrlə sözügedən məlumatların yayılmasına mane olmağa çalışır”.
Vidadi ORDAHALLI