Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb. Habelə, Azərbaycan Respublikası tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində bu məsələyə də toxunub.
O qeyd edib ki, Azərbaycan Respublikası ÜST-ə koronavirusla mübarizədə maliyyə vəsaiti ayırıb: "Bu vəsait ÜST tərəfindən koronavirusla mübarizədə çətinlik çəkən ölkələrə göndəriləcək. Qonşu İran, Qırğız, Xorvatiya, Pakistan, Serbiya respublikasına maliyyə yardımı göstərilib. Serbiyaya yaxın müddət ərzində yardım nəzərdə tutulur. Eyni zamanda, Fələstin qaçqınlarına yardım üçün müraciət daxil olub və bu yardımın Yaxın Şərq agentliyinə verilməsi nəzərdə tutulur. Sözügedən agentliyə müəyyən yardımlar həyata keçirilib".
Qeyd etdiyimiz kimi, koronavirusun ilk yayıldığı günlərdən bəri Azərbaycan ehtiyacı olan ölkələrə köməklik göstərir.
“…bu pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq səviyyədə təşəbbüslərini və gördüyü işləri…”
Millət vəkili Rüfət Quliyev qeyd etdi ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal arenada bu mübarizənin uğurla nəticələnməsi üçün mühüm platformalarla çıxış edir: “Dünyada baş verən qlobal dəyişikliklər, ekoloji fəlakətlər, nəticə etibarilə, böhran dönəmini meydana gətirməkdədir. Böhran dönəmində idarəetmə mexanizmi və liderlik qabiliyyəti ən əsas amillərdən biridir ki, bu amillərin sayəsində o ölkə həmin bəlalardan qurtula bilsin. Onun sözlərinə görə, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən pandemiyanın yayıldığı ilk dövrdən ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin ən yüksək səviyyədə qarantiya altına alınması, ölkəmizin minimal zərərlə bu bəladan qurtulması ilə bağlı atılan addımlar liderliyin əsas məqamlarından biridir. Danılmaz faktdır ki, bu gün dünyanın bir çox ölkəsi, beynəlxalq təşkilatlar Azərbaycanın həm COVID-19-a qarşı ölkə daxilində mübarizəsini, həm də qlobal şəkildə bu pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq səviyyədə təşəbbüslərini və gördüyü işləri yüksək qiymətləndirir. Onu da qeyd edim ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan bir sıra ehtiyacı olan ölkələrə köməklik göstərir. Bu o deməkdir ki, Azərbaycan inkişaf dövrünü yaşayır və yardıma ehtiyacı olanlara dəstək verir”.
Günel CƏLİLOVA