Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin açıqlamasına görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanacaq.
Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanacaq. Qeyd edək ki, Azərbaycanın nəzərdə tutulan təlimlərindən Ermənistn bərk təşvişə düşüb. Onlar hətta indiki situasiyanı 2016-ci ildə baş verən 4 günlük müharibə ilə müqayisə edirlər və belə qənaətə gəlirlər ki, Azərbaycan yenidən təmas xəttində üstünlük əldə edə bilər. Ermənistanın Müdafiə Nazirliyi bununla bağlı etiraz bəyanatı ilə ATƏT-ə müraciət edib və nəzərdə tutulan təlimlərin qarşısını almağa çalışır. Ermənistan rəsmiləri bunu həm də təlimlərin hücum mahiyyətli olması ilə izah edirlər. Ermənistan bizim təlimlərdən niyə belə narahatlıq ifadə edir?
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqil ölkədir, hərbi doktrinasını özü müəyyən edir:“Müstəqil ölkə kimi, biz nə Ermənistandan, nə də onların havadarlarından icazə istəməliyik. Təlimlərin bir məqsədi var: bütün qoşun növlərinin birgə fəaliyyətini döyüş zamanı düzgün koordinasiya etmək. Həmin təlimlərdə yeni silahların sınaq atışları da həyata keçirilə bilər. Biz bu təlimləri gizli keçirmirik. Təlimlər başlamadan öncə bu barədə ölkəmizdə olan səfirliklərin nümayəndələrinə, hərbi attaşelərinə məlumat verilir. Bizim dövlət rəhbərliyi Ermənistana qarşı müharibə etməklə bağlı bəyanat verməyib. Ancaq biz bəyan edirik ki, işğal altında olan torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırıq. İşğalın arxasında Ermənistan durduğundan, onlar bu mövzuda narahatlıq keçirirlər. Ancaq bilsinlər ki, Azərbaycanın öz ərazilərini istənilən vaxt işğaldan azad etmək hüququ var. Biz bununla bağlı Ali Baş Komandanın əmrini gözləyirik”.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun təlimlərində işğal olunmuş ərazilərin azad olunması istiqamətində əməliyyatların və hazırlıqların aparılması kimi məsələlər bir nömrəlidir: “ Bu da təbii haldır. Çünki Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilib. Bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı təlimlərin keçirilməsi təbiidir. Ermənistan tərəfinin fikirləri beynəlxalq ictimaiyyət və təşkilatlarda Azərbaycan haqqında yanlış imic yaratmaq məqsədi daşıyır. Bunlar isə həqiqətə uyğun olmayan fikirlərdir”.
Məhəmmədəli QƏRİBLİ