Məlum olduğu kimi, yeni Baş prokuror Kamran Əliyevi videokonfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarında islahatların aparılmasına dair öz tövsiyələrini verib. Görünən budur ki, Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib, bir neçə rayonun prokuroru işdən çıxarılıb.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.
K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, həmin şəxslər "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
E.Sultanov həmçinin bildirib ki, Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.
Bütün bu addımlar Kamran Əliyevin Prokurorluq sistemində çoxillik problemin həllinə başladığının və gənclərə üstünlük veriləcəyinin subutu sayıla bilərmi?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Kampan Əliyevin iş prinsipinə yaxından bələddir:“Mən onu peşəkar hüquqşunas kimi tanıyıram. Son illərdə onun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gördüyü işlər də müsbət qiymətləndirilir. Orda olanda da korrupsiyaya qarşı sərt, həm də ədalətli mübarizə aparırdı. Kamran müəllim son illərdə yalnız ölkənin hüdudlarında deyil, ondan kənarda da yaxşı hüquqşunas kimi tanınır. Onun Baş prokuror təyinatını da çox düzgün seçim sayıram. Ölkə başçısı bu seçimində həm də ona böyük etimad göstərmiş olub. Videkonfrans formatında qəbul zamanı da ölkə başçısı onun qarşısına bir sıra vəzifələr qoydu və qurumda islahatların aparılmasının zəruriliyindən danışdı. Düşünürəm ki, artıq bu prosesə start verilib. Kadr yeniləmələri labüddur. Xüsusilə də narazılıq yaradan bəzi kök atmış şəxslərin gənclərlə əvəzlənməsi lazımdır. Kamran müəllim Prokurorluğun öz daxilindən bu vəzifəyə təyinat alıb. Məcazi mənada ifadə etsək, kimin necə nəfəs aldığını da bilir. Onun kadrların yenilənməsi ilə bağlı atdığı ilk addımı dəstəkləyirəm. Düşünürəm ki, burda yeniliklər davam edəcək. Zərrə qədər şübhəm yoxdur ki, ölkə başçısının ona göstərdiyi etimadı doğruldacaq. Son zamanlar DTX ilə birgə aparılan fəaliyyətin nəticələrini görürük. Bu orqanlar koordinasiyalı qaydada cinayətkarlıqla mübarizədə ciddi uğurlara imza atacaqlar. Yaşı keçmiş prokurorların gənclərlə əvəzlənməsi təqdirəlayiqdir. Burada gənclərin enerjisi ilə yaşlıların təcrübəsinin sintezinin tətbiq ediləcəyini də gözləyirəm. Bu spesifik və məsuliyyətli sahə olduğu üçün bir-birinə bağlı olan komponentləri nəzərə almalıyıq. Qısa müddətdə biz prokurorluqda aparılan islahatların nəticəsini görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ