Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan 2016-cı ildəki aprel döyüşlərini araşdırmaq üçün yaradılmış parlament komissiyasının iclasında dindiriləcək. Erməni mediasının məlumatına görə, bu barədə komissiyanın rəhbəri Andranik Koçaryan deyib. Onun sözlərinə görə, artıq Nalbandyana məktub göndərilib: “Nalbandyan Moskvadadır, orada çox yaxşı elit mənzili var. İndi Moskva vilayətində öz “daçasında” yaşayır. Deyirlər ki, çox təhlükəsizdir”.
Sabiq nazirə dəvət Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan vasitəsilə göndərilib. Ona 18-25 may tarixləri arasında iclasda iştirak etmək təklif olunub.
Məlumat üçün qeyd edək ki, komissiyanın 11 may iclasına Ermənistanın keçmiş baş naziri Karen Karapetyan dəvət olunub. Daha əvvəl Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da dəvət olunmuşdu.
Bu arada erməni mediası Nalbandyanın istintaqa dəvət olunmasının üstündə xüsusi dayanır. Qeyd olunur ki, bu, aprel müharibəsinin daha geniş hərbi-siyasi müstəvidə nəzərdən keçirilməsindən xəbər verir.
Erməni mediası bununla bağlı bu və ya digər formada Rusiyanı da ittiham edir: “Bu dəstək birbaşa və ya dolayı hərbi-siyasi aktlarla hədsiz dərəcədə təmin edildi. Məqsəd Azərbaycan təcavüzünü, hər iki tərəfin Artsaxda bir rus hərbi iştirakını qəbul etmək məcburiyyətində qalacaq bir vəziyyət yaratmağa təşviq etmək idi. Serj Sarkisyan bunu birbaşa aprel müharibəsinin 4-cü ildönümündə lentə alınan filmdə bildirdi”.
O da qeyd edilib ki, Ermənistanda o zaman, ümumiyyətlə, Rusiyanın siyasətinə xidmət edən xarici siyasət aparılırdı.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, Nalbandyanın istintaqa çağırılmasında məqsəd nə ola bilər? Bunu aprel məğlubiyyətinə görə Rusiyanı ittiham etməyə hazırlıq kimi başa düşmək olarmı?
“...erməni mediası, mütəmadi olaraq, aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bir il əvvəl sözügedən istintaq komissiyasının yaradılması sırf siyasi xarakterlidir: “Məsələ ondadır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan rəqiblərini müxtəlif formada təqib etmək yolunu tutdu. Birinci mərhələdə əvvəlki “Qarabağ klanı”na məxsus olan gəlirli sahələri ələ keçirdilər. Mümkün olan qədər pullarını əllərindən almağa çalışdılar. Daha sonra siyasi təqiblər başladı. Çoxlarına məlumdur ki, Ermənistanda bütün hakimiyyətlər Qarabağ kartından istifadə ediblər. Paşinyan da onların yolu ilə gedərək parlamentdəki aprel komissiyasından öz siyasi məqsədləri üçün istifadə edir. Yaradılmasının ilk günlərindən məlum oldu ki, bu komissiya yalnız siyasi məqsədlər üçün ortaya atılıb. Paşinyan həmin müharibə dövründə olan rəhbərliyi aşağılamaq və keçmiş hakimiyyətlərə təzyiq göstərmək üçün bu təhqiqat komissiyasının vasitələrindən istifadə edir. Keçmiş hakimiyyət təmsilçilərinin bir-bir istintaqa çağırılması buna xidmət edir. Digər tərəfdən, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra erməni mediası, mütəmadi olaraq, aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırır. Qərbpərəst Paşinyan da bundan maksimum istifadə edərək “Qarabağ klanı”nı tam neytrallaşdırmaq istəyir. Çünki Paşinyan Rusiyanın əvvəlki klanı yenidən hakimiyyətə gətirə biləcəyindən çox qorxur. O baxımdan, Nalbandyanın istintaqa çağırılması çox güman ki, aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırmağa hesablanıb. Çünki məsələnin kökündə siyasi məqsədlər dayanır”.
Vidadi ORDAHALLI