Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib ki, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır:“Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir”.
Ölkə başçısı artıq beş icra hakimiyyəti başçısının həbs olunduğunu vurğulayıb:“Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni gözləri doymur. Bu bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək - onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir”.
Göründüyü kimi, ölkə başçısı həbs edilən icra başçılarının bədnam əməllərinə göz yumanlardan və həmin rüşvətxorlara uzun illər dəstək verən yüksək vəzifəli şəxslərdən danışıb. Bu nəticəyə gəlmək olarmı ki, korrupsiya ilə mübarizə fərdlərlə yox, bütöv bir oturuşmuş sistemə qarşı aparılır?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi vaxtda Azərbaycan da bütün resurslarını səfərbər edərək vətəndaşların sağlamlığının qorunması, eyni zamanda, iqtisadi subyektlərə dəstək və korrupsiya ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir:“2018-ci ildə keçirilmiş seçkilərdən sonra Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatlara, kadr dəyişikliklərinə start verdi. O vaxtdan da ölkədə bu istiqamətdə xeyli işlər görülüb.
Azərbaycanda antikorrupsiya tədbirlərinin həyata keçirilməsinə ara verilmir. Çox qısa zaman kəsiyində Azərbaycanda beş rayonun icra hakimiyyətinin başçısı, dövlət aparatının müxtəlif strukturlarında çalışan 20-dən çox məmur qandallanaraq məhkəmə qarşısına çıxarıldı. Həmçinin Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda nazir müavini və xidmət rəhbəri saxlanaraq barələrində həbs qətiimkan tədbiri seçilib. Bütün bunlar onu göstərir ki, dövlət aparatında hələ də dövlətçiliyə, xalqa xəyanət edən, korrupsiyaya bulaşmış vəzifə sahibləri az deyil. Hesab edirəm ki, onların cinayətləri Azərbaycan Prezidentinin siyasi kursunu faktiki olaraq zərbə altına qoymağa yönəlib. Bəli, Prezident doğru olaraq bildirdi ki, belə rüşvətxorları uzun müddət himayə edənlər olub. Bu artıq korrupsiya ilə mübarizənin daha geniş aspektdə aparıldığını şərtləndirir. Yəni bütöv bir korrupsiya mexanizminə qarşı müharibə elan edilib. Fikrimcə, bu proses davam edəcək. Bir siyasətçi kimi Prezident İlham Əliyevi xarakterizə edən cəhətlərdən biri də onun verdiyi sözün üstündə durmasıdır”.
Partiya sədrinin sözlərinə görə, cəmiyyət də bu istiqamətdə ölkə başçısına hərtərəfli dəstək olmalıdır:“Çalışmalıyıq ki, dövlət orqanlarına ictimai nəzarəti təşkil edək. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri də bu işdə fəal olmalıdırlar. Bununla da korrupsiyanın aradan qaldırılmasında milli həmrəylik nümayiş etdirərik”.
Məhəmmədəli QƏRİBLİ