Son günlər ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini mütəmadi şəkildə pozmağa başlayıb. İki gün əvvəl onlar iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ermənilərin indiki məqamda atəşkəsi mütəmadi şəkildə pozmasının səbəbi nə ilə bağlı ola bilər?
Hərbi-siyasi şərhçi Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, getdikcə daha ağır duruma düşən Ermənistanın bu gedişlə işğal siyasətini davam etdirməsi də çətinləşir:“Hər halda, Ermənistanın özündə də çoxsaylı etiraflar səslənir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət ölkənin daha sürətlə zəifləməsi fonunda erməni tərəfinin lehinə deyil. Ermənistan qarşısında əsas çağırışlar Qarabağ məsələsi, koronavirus, sosial-iqtisadi və xarici siyasət, məhkəmə böhranları və aşağı səviyyəli idarəetmə ilə bağlıdır. Artıq Ermənistanın özündəki politoloqlar da etiraf edir ki, ölkənin 2022-ci ilə qədər böhran vəziyyətində olacağı gözlənir. Beynəlxalq təzyiqlərin fonunda Qarabağın Azərbaycana qayıtmaq ehtimalı da artır. Son dönəmdə Azərbaycan-Rusiya münasibətlərində olanlar da prosesə təsir edir. Lavrovun son açıqlamalarından göründü ki, Qarabağ məsələsində Rusiya təşəbbüsü tam öz əlinə almağa çalışır, Azərbaycan isə ona dəstək verməyə hazırdır. Çünki Kreml prosesdə Bakının istədiyi mövqeni sərgiləyir. Lavrovun açıqlaması Ermənistan daxilində hələ də böyük bir çaxnaşma yaradıb.
Xatırladaq ki, bu günlərdə Ermənistan ordusu atəşkəsi daha iriçaplı silahlarla pozub. Bütün bunlar Ermənistandakı daxili siyasi sahədə olduqca qaynar reallıqların fonunda baş verir və təsadüfi deyil”.
Ekspertin sözlərinə görə, bu yaxınlarda Qarabağdakı separatçı rejimin "Baş qərargah rəisinin müavini" Kamo Vardanyanın izlədiyi taktiki təlimlər zamanı gecə şəraitində müdafiə və əks-hücum taktikaları sınaqdan çıxarılıb. Təlimlərdə xüsusi təyinatlı qüvvələrlə ayrı-ayrı qoşun növləri arasında əlaqə yoxlanıb. Pandemiya fonunda təmas xəttində hökm sürən sakitliyi pozan Ermənistan hakimiyyəti ötən ay ərzində işğal altındakı Cəbrayıl, Ağdam və Qubadlı rayonlarında 10 minə qədər hərbçinin iştirak etdiyi taktiki təlimlər də keçirib. İrəvanın son hərbi fəallığı ilə təmas xəttində gərginliyi artıracaq təxribatlara hazırlaşdığını söyləmək olar. Bütün bunlar diqqəti daxildəki problemlərdən uzaqlaşdırmaq, beynəlxalq təşkilatların təzyiqlərinə isə silahla cavabın verildiyini nəzərə çatdırmaq məqsədi güdür”.
Məhəmmədəli QƏRİBLİ