Penitensiar Xidmət müəssisəsində 33 nəfərdə virus tapıldığı rəsmən təsdiqlənir. Düzdür, xoşagələn hal deyil. Ancaq bəzi radikal dairələr bunu böyük fəlakət kimi təqdim etməyə çalışır.
Hətta bu fakta görə həbsxanlardakı bütün dustaqların azad edilməsini də tələb edirlər. Qapalı mühitdə xəstəliyin həm yayılma, həm də müalicə olunması asandır. Həmin məhkumları lokallaşdırıb müalicələrini təmin etmək mümkündürsə, belə isterika nəyə lazımdı? Üstəlik, virus hətta bəzi inkişaf etmiş ölkələrin ordularına da nüfuz edə bilibsə, 33 məhkumun yoluxması ilə belə manipulyasiyalar etməyə dəyərmi?
Koronavirusa yoluxan dustaqlarla bağlı son açıqlamada bildirilir ki, 2 aydan artıqdır koronavirus pandemiyası ilə əlaqədar vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bu görülmüş tədbirlərə baxmayaraq, 3 gün öncə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib.
Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında deyib ki, 13 saylı CÇM-də testləri pozitiv çıxan 33 nəfər məhkum İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ayrıca korpusa yerləşdirilib. Hazırda onların müalicəsi standartlara uyğun davam etdirilir:“Bununla yanaşı digər müəssisələrdə də əvvəlki qaydada COVID-19-la bağlı tədbirlər davam etdirilir. Hətta məhkumlar yeməkxanalarda da ara məsafəsi saxlamaqla növbəyə durub hazır yeməkləri qəbul edirlər. Məhkumların bu virusa yoluxmaması dövlətimizin daim diqqətində olduğu kimi, Penitensiar Xidmətin rəhbərliyinin də diqqətindədir”.
Uzun müddət Ədliyyə Nazirliyi yanında ictimai komitədə təmsil olunmuş, QHT rəhbəri Elçin Salmanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Penitensiar Xidmət müəssisələrindəki vəziyyətlə bağlı təsəvvürləri genişdir: “Demək olar ki, bütün müəssisələrdə monitorinqlər aparmışıq. Bilirsiniz ki, həmin yerlər qapalı sayılır. Koronavirus pandemiyasının yayılması ilə bağlı isə Penitensiar Xidmət müəssisələrində rejim bir qədər də ciddiləşdirikdi. Kənardan sovqatların qəbulu dayandırıldı. Məhkumlarla canlı görüş halları məhdudlaşdırıldı. Buna baxmayaraq, cəmiyyətlə təmas qalır. Ora müxtəlif ərzaqlar daşınır və s. Yəni epidemiyanın qapalı müəssisəyə sirayət etməsi mümkündür. İş burasındadır ki, həmin 33 məhkumu başqlarından təcrid edib müalicə etmək üçün də Penitensiar Xidmətin şəraiti var. Bunu müəssisənin özündə də onları izoliyasiya etməklə həyata keçirmək mümkündür. Bundan əlavə, xidmətin ayrıca Müalicə Müəssisəsi və vərəm üzrə ixtisaslaşmış ayrıca müəssisəsi var. Mən rəsmi qurumların da bu istiqamətdə münasibətlərini oxuyuram. Artıq vəziyyətin tam nəzarətə götürüldüyü bildirilir. Bilirsiniz ki, Azərbaycan dövləti yaşı 65-dən yuxarı olan bir çox məhkumları Prezidentin fərmanı ilə əfv etdi. Bu, ölkə rəhbərliyinin vətəndaşların bütün təbəqələrinin sağlamlığına diqqətinin göstəricisi idi. Bu məsələni siyasiləşdirmək üçün heç bir əsas görmürəm. Əminəm ki, yoluxan məhkumlar tezliklə sağlamlıqlarına qovuşacaqlar”.
Məhəmmədəli QƏRİBLİ