Məlum olduğu kimi, bu ayın əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirə zamanı yeni hərbi əməliyyatlara hazırlaşmaq barədə göstəriş verib. Bu zaman müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib. Müdafiə naziri bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib. Elə o vaxtdan bəri bu məsələ Ermənistanda geniş müzakirə edilməkdədir.
Düşmən ölkədə hesab edilir ki, Azərbaycan bu fonda Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinə start verməyə hazırlaşır və bu istiqamətdə də yaxın tezlikdə müvafiq addımlar atacaq. Məhz bu durumda ordumuzun yeni hərbi təlimlərə start verməsi Ermənistanın narahatlığının daha da artmasına rəvac verib. Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanacaq. Indi Ermənistanda hesab edilir ki, Azərbaycan hərbi rəhbərliyinin son açıqlamaları fonunda təlimlərin istənilən an real döyüş əməliyyatlarına keçmə ehtimalı kifayət qədər yüksəkdir. Ermənistan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Hayk Nahapetyan bildirir ki, Azərbaycan yeni genişmiqyaslı təlimlərə hazırlaşır və bu o deməkdir ki, Ermənistan sayıqlığı artırmalıdır: “İstənilən hərbi əməliyyat hərbi təlimlər bəhanəsi ilə qoşunun yerdəyişməsindən sonra hansısa istiqamətlərdə mərkəzləşə və sonra hərbi əməliyyat başlaya bilər. Nəzərə almaq lazımdır ki, artıq yeni hərbi əməliyyatlar üçün Azərbaycan ordusuna da müvafiq göstərişlər verilib”. Burada erməni tərəfi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamalarına da xüsusi diqqət yetirir. Qeyd edilir ki, artıq Elmar Məmmədyarov da, danışıqların davam etməsinin əksinə olaraq, Ermənistanı savaşla təhdid edir. Belə ki, Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib:“Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir. Bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”. Nazir qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir:“Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz. Həmçinin, danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanmasına xidmət etməməlidir”. Ermənistanda hesab olunur ki, bununla rəsmi Bakı danışıqlardan usandığını, qısa zamanda nəticə olmasa, savaşa başlamaq niyyətini ortaya qoyur. Erməni hərbi ekspert Karen Vrtanesyan da vəziyyətin bu dəfə fəqrli olduğunu bildirir: "Daxili və beynəlxalq miqyasda vəziyyət xeyli dəyişib. Qarabağ yenidən qaynar qazana dönə bilər. Bugünkü vəziyyətdə bu qaçılmazdır. Bu dəfə bizə kim kömək edəcək?”. Karen Vrtanesyan Azərbaycan-Ermənistan savaşının yenidən başlanmasını ermənilər üçün fəlakət adlandırıb: "Bizə ilk savaşda Rusiya dəstək verdi. Ancaq bu gün onlar bizə dəstək verməyəcək. Çünki biz hələ hansı yolda olduğumuzu müəyyənləşdirməmişik. Tam səmimi deyirəm, əgər savaş başlasa, Azərbaycanın qarşısını heç kim kəsməyəcək”. Bu fikirlərdən aydın görünür ki, Qarabağ məsələsinin hərbi həll ehtimalı, əslində Ermənistanda ciddi qorxu ilə qarşılanır. Hadisələr bu səpkidə inkişaf edəcəyi təqdirdə də əsas günahkar qismində Ermənistan hakimyyəti göstərilir. Çünki məhz onun absurd mövqeyi üzündən danışıqlar prosesi dalana dirənmiş vəziyyətə düşüb. Ermənistanda isə belə durumda, ən azından, politoloqlar və siyasi şərhçilər səviyyəsində hər kəs bilir ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan ordusu indi ən müasir silahlarla təchiz edilib. Bu durumda sülh danışıqları sona qədər getməsə, Azərbaycan ordusu Ermənistana lazım olan cavabı verəcək. Ermənistanın isə ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyət almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaş Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək. Bu mənada, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirir ki, Ermənistan üçün ən yaxşı yol Azərbaycanla danışıqlar masasında razılıq əldə etməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbuledilməzdir:“Təəssüf ki, münaqişənin çox uzun müddət davam etməsinə icazə verildi. Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edir. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir. Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir o plan masa üzərindədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllinə kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr soyuq müharibədən sonra bölgənin inkişaf edəcəyinə ümidimizi, Avropanın isə təhlükəsizliyini təhdid edir". Sabiq səfir hərbi müstəvidə Azərbaycanın son illər ərzində kifayət qədər gücləndiyini və Ermənistanın bunu mütləq şəkildə nəzərə almasının vacibliyini bildirir. İndilikdə isə o da Ermənistanın mütləq mənada nəzərə almalı olduğu faktdır ki, danışıqların dalana dirənməsi fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Bu zaman Ermənistanı kimsənin, o cümlədən də Rusiyanın müdafiə etməyəcəyinin getdikcə qətiləşməsi düşmən ölkəni çox narahat edir. Bu xüsusda daha bir sübut kimi son proseslərə diqqət yetirilir. Məsələ bundadır ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvan-Moskva münasibətlərində hər şeyin yaxşı getdiyini təsdiqləməyə çalışsa da, hətta 9 May Qələbə günü də bunun belə olmadığını, problemlərin daha ciddi və bəlkə də daha dərin olduğunu sübut edir. Xüsusilə mayın 8-də Kremlin rəsmi internet saytında Rusiya prezidentinin bir sıra ölkələrin liderlərini və vətəndaşlarını İkinci Dünya müharibəsindəki Qələbə Günü münasibətilə təbrik etdiyi ifadə edilib. Qeyd olunan ölkələrdə, bütün keçmiş sovet ölkələri olduğu kimi, Ermənistan da xatırlanıb. Həmin təbrikdə, Gürcüstan və Ukrayna məsələsində Moskva-Kiyev və Moskva-Tiflis əlaqələrinin vəziyyətini nəzərə alaraq, Putinin sadəcə həmin ölkələrin xalqlarını təbrik etdiyi vurğulanıb. Bu açıqlama artıq 9 Mayda Ermənistanın baş naziri Nikol Paşinyanın veb saytı tərəfindən Putinin Paşinyanı təbrik etməsi kimi təqdim edilib. Amma bunlar fonunda mayın 9-da Kremlin saytında Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığının baş tutması barədə bir məlumat yayıldı. Vladmir Putin və İlham Əliyev bir-birini Qələbə günü münasibətilə təbrik etdilər. Ermənistanla əlaqəli belə bir açıqlama yoxdur․Başqa sözlə, Cənubi Qafqazdan bayram günü ilə bağlı yalnız Azərbaycan Prezidenti ilə telefon danışığı olub. Putinin Ermənistanın prezidenti və ya baş naziri ilə hər hansı bir birbaşa təmas baş tutmayıb. Ermənistanda hesab edirlər ki, Rusiyada İkinci Dünya müharibəsinin bitməsi və Qələbə Gününün ideoloji təməl daşı olması nəzərə alınsa, belə bir vacib gündə İrəvan-Moskva birbaşa ünsiyyətinin olmaması artıq durumun Ermənistanın xeyrinə olmadığını göstərir. Bunun təzahür edəcəyi daha bir istiqamət də məhz Qarabağ münaqişəsi olacaq. Bu səbəbdən Ermənistan Azərbaycanın hərbi təlimlərindən indi daha çox narahatdır. Çünki bu dəfə Azərbaycanı kimsə durdura bilməyəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.