Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüskək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir. “Trend”in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan milli səviyyədə nailiyyətlərin davamı olaraq, beynəlxalq səviyyədə də görülən tədbirləri dəstəkləyir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi. Bütün bunlar Azərbaycanın qlobal əməkdaşlığa verdiyi mühüm töhfədir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində də tədbirlər davam etdirilir.
O bildirib ki, “Evə gedirəm” portalı çərçivəsində təkcə Rusiyadan 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.
Azərbaycanın koronavirusla mübarizədə maddi və humanitar yardımlar etdiyi ölkələr...
H.Hacıyev deyib ki, Azərbaycan koronavirusla mübarizə istiqamətində bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və göstərməkdə davam edir. O bildirib ki, Azərbaycan Macarıstan, Pakistan, Bosniya, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərib.
Hazırda Serbiya Respublikasına və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır.
Vurğulanıb ki, bütün bunlar Azərbaycanın koronavirusla bağlı mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.
“Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının Rusiyada olmasını nəzərə alaraq, vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir” - deyən H.Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiya vətəndaşlarının öz ölkələrinə getməsi üçün lazımi şərait yaradıb.
O qeyd edib ki, Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir. Ona görə də vətəndaşların sərhəd-keçid məntəqələrinə gələrək dövlət qurumlarının fəaliyyətinə mane olmasına gərək yoxdur.
“Azərbaycanla İran arasında mehriban qonşuluq və dostluq münasibətləri mövcuddur. Koronavirus pandemiyası dövründə də bu münasibətlər davam etdirilir və virusa görə iki ölkə arasında sərhədlərin bağlanması, vətəndaşların qarşılıqlı keçidinin təmin edilməsi ilə bağlı danışıqlar nəticəsində anlaşma əldə edilib” - H.Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsinə həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm İran tərəfindən aydınlıq gətirildi: “Ölkələrimiz arasında qarşılıqlı anlaşma, dialoq şəraitində də bu istiqamətdə müzakirələr aparılıb”.
Ermənistan həmişə girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılması məsələsindən qaçır
PA rəsmisi deyib ki, Azərbaycan hər zaman girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılmasına sadiqdir, lakin Ermənistan tərəfi həmişə bu məsələdən qaçır. H.Hacıyev bildirib ki, koronavirus pandemiyası dövründə də beynəlxalq təşkilatlar girovların qarşılıqlı qaytarılmasının vacibliyini vurğulayırlar: “Hesab edirik ki, koronavirus pandemiyası dövründə əsir və girovların dəyişdirilməsi həyata keçirilməlidir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir və bundan boyun qaçırır”.
Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva isə bildirib ki, Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur. Onun sözlərinə görə, xarici ölkələrə beynəlxalq uçuşlar və gediş-gəliş dayandırılıb: “Xarici ölkələr əcnəbi vətəndaşları qəbul etmirlər. Lakin müstəsna hallar olarsa və qarşı tərəf vətəndaşı qəbul etməyə hazırdırsa, həmin şəxs xarici ölkəyə səfər edə bilər”.
Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var
“Bu gün ən vacib məsələlərdən biri xaricdə qalan vətəndaşlarımızın geri qayıtmasıdır. Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var” - deyən L.Abdullayevanın sözlərinə görə, beynəlxalq uçuşlar dayandırıldığı halda, Azərbaycan xüsusi çarter reysilə vətəndaşlarımızın təxliyyəsini davam etdirir: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə xaricdə yaşayan vətəndaşların ölkəmizə təxliyyəsi davam etdirilir. Bunun üçün Xarici İşlər Nazirliyi tərkibində Operativ Qərargah yaradılıb. İlkin mərhələdə səfirlik və diplomatik nümayəndələr tərəfindən operativ məlumatlar nazirliyə daxil olub. İndiyə qədər 20 minə yaxın vətəndaşımız ölkəyə qaytarılıb. XİN-ə xaricdə yaşayan vətəndaşlar və onların qohumları tərəfindən zənglər edilir. May ayının 1-dən bu günə qədər nazirliyə 664 telefon zəngi daxil olub və zənglər davam etməkdədir. Həm XİN-ə, həm də diplomatik korpuslara zənglər gəlir. Vətəndaşlara müraciətimiz ondan ibarətdir ki, mümkün qədər yaşadıqları ölkədə qalsınlar və ölkənin karantin qaydalarına uyğun fəaliyyətlərini davam etdirsinlər”.
L.Abdullayeva bildirib ki, təxliyyə olunanlar sırasında xüsusən yaşlı qadınlar, azyaşlılar və səhhətində problem olanlar nəzarətdə saxlanır: “60-a yaxın ölkədə Azərbaycan vətəndaşları var və onlar ölkəyə qayıtmaq istəyirlər. Rusiya, Türkiyə və Avropa ölkələri ilə yanaşı, Çilidə 1 vətəndaş, Cənubi Afrika və digər uzaq ölkələrdə vətəndaşlarımız var ki, onların da zəngləri nəzarətdədir. Həmin vətəndaşların ölkəyə qaytarılması üzərində iş aparılır. Həmçinin, XİN-in tərkibində Diplomatiya könüllüləri qrupumuz var. Onlar "evdə qal" aksiyası keçirirlər. Bu gün onlar sosial şəbəkələrdə fəal təbliğat aparır və vətəndaşların evdə qalması, həmçinin, məşğuliyyəti üçün onlayn mühazirələr keçirirlər”.
L.Abdullayeva bildirib ki, xaricdə təhsil və iş səbəbindən yaşayan və pandemiya çətinliyi ilə üzləşən vətəndaşlara yardımlar edilir. Onun sözlərinə görə, bu proses davam edir: “Həmin vətəndaşlar üzləşdikləri problemlərlə bağlı səfirlik və konsulluqlara müraciətlər edirlər. Həmin müraciətlər diqqətdə saxlanır. Bizdən çox uzaqda olan ölkələrdəki vətəndaşlara belə Azərbaycan dövlətinin yardımı çatdırılır. Maddi və digər yardımlar onlara verilir”.
Sərhədlərin açılması barədə mayın 31-dən sonra qərar veriləcək
XİN sözçüsü qeyd edib ki, sərhədlərin açılması may ayının 31-dək mümkün deyil. Onun sözlərinə görə, həmin müddətə qədər karantin qərarı qüvvədədir: “Mayın 31-dən sonra hökumət bu barədə qərar verəcək. Hələlik Azərbaycanın hansı ölkə ilə ilk olaraq sərhədləri açacağı bəlli deyil. Qərar veriləndən sonra bu məsələyə baxılacaq. Yəqin ki, ilk olaraq, Azərbaycan qonşu ölkələrlə sərhədləri açacaq və digər ölkələrə də reyslər bərpa olunacaq”.
Xaricdə virusdan vəfat edən azərbaycanlıların nəşinin ölkəyə gətirilməsi...
L.Abdullayeva xaricdə yaşayan azərbaycanlılar arasında da koronavirusa yoluxanların olduğunu deyib. Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşlarımız arasında koronavirusdan ölənlər də var: “Hətta əslən azərbaycanlı olan xarici ölkə vətəndaşları sırasında bu virusa yoluxanlar olub. Xaricdə bu virusdan ölən şəxslərin meyitlərinin Azərbaycana qaytarılması ilə bağlı icazə verilir. Həmin vətəndaşların meyitləri xüsusi reyslərlə Azərbaycana gətirilir”.
Rusiyadan gətirilən 540 nəfərin 10-unda koronavirus aşkarlandı
H.Hacıyev deyib ki, hazırda koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir. O, bildirib ki, əvvəllər Avropa qitəsindən gətirilən vətəndaşlarımızda koronavirus infeksiyası daha çox aşkar edilirdi: "Son dövrlərdə isə Rusiya Federasiyasından gətirilən vətəndaşlarımızın 18-20 faizində koronavirus infeksiyası aşkar edilir. Bu faiz dərəcəsi artım üzrə gedir. Aprelin sonu, mayın əvvəlində Rusiyadan Azərbaycana gətirilən 540-a yaxın vətəndaşın 10 nəfərində koronavirus infeksiyası müəyyən edilib və onlar xüsusi şəraitdə müalicəyə cəlb olunublar. Bu rəqəmlər müxtəlif vaxtlarda müxtəlif ərazilərə görə dəyişir”.