Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəzi qurumlarda keçirdiyi əməliyyatların hər birinin videosu yayılır. Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin həbsi zamanı maraqlı detallar üzə çıxıb.
Nümayiş olunan əməliyyat çəkilişlərindən görünür ki, həbs edilən nazir müavininin aldığı pullar xüsusi dəftərdə qeyd edilirmiş. Həmin dəftərə yaxından nəzər saldıqda görürük ki, rayon və regional mədəniyyət idarələri hər ay nazir müavininə aylıq rüşvət veriblər. Məbləğlər rayonların böyüklüyü və kiçikliyinə uyğun müəyyənləşib. Nümayiş olunan kadrlarda həmin regional və rayon idarələrinin rəhbərləri nazir müavininə aylıq pul verdiklərini öz ifadələri ilə də təsdiqləyiblər. Sadə məntiqlə yanaşsaq, ortada tam oturuşmuş bir korrupsiya mexanizminin mövcudluğunu görürük. Regional idarə rəhbərlərinin əksəriyyəti uzun müddətdir ki, bu postları tutur. Deməli, belə çıxır ki, həmin adamlar da korrupsiya mexanizminin vintlərindən olublar. Onlar vəzifələrini bu gün də davam etdirirlər. Ekran qarşısında rüşvət mexanizmində iştiraklarına dair etirafedici ifadə verən yerlərdəki mədəniyyət kadrlarının gələcək taleyi necə olmalıdır? Onların da cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsaslar varmı?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildrdi ki, əməllərə hüquqi qiymət verməli olsaq, Cinayət Məcəlləsinin tələblərinə baxmalıyıq:“Qanunvericiliyə görə, rüşvət alma cinayətdirsə, rüşvət vermə də cinayət əməli hesab olunur. Bunun adına həm də aktiv rüşvətxorluq deyilir. Növünə görə korrupsiya cinayəti sayılır. Rüşvət verməyə görə cəzalar müvafiq maddənin bəndlərinə görə dəyişir. Birinci hissəsi ictimai təhlükə törətməyən, sonrakı bəndlər isə ağır cinayət sayılır. Burda da əsas dəlil kimi alınan və ya verilən rüşvətin məbləği götürülür. Qanunvericilikdə rüşvət verəni məsuliyyətdən azad edə bilən müddəalar da var. Rüşvət verən şəxs bunu vəzifəli şəxsin hədə-qorxuları fonunda edirsə və bununla bağlı ortaya sübutlar qoya bilirsə, məsuliyyətdən azad edilə bilər. Yüngülləşdirici digər hal isə şəxs rüşvət verməsi ilə bağlı müvafiq dövlət qurumlarına könüllü məlumat verdiyi təqdirdə tətbiq olunur. Burada könüllülükdən söhbət gedə bilməz. Kadrlardan görünür ki, həmin vəzifəli şəxslər keçirilən əməliyyatdan sonra ifadələrində rüşvət verdiklərini təsdqiləyirlər. Hesab edirəm ki, periodik olaraq rüşvət verdikləri təsdiq olunan şəxslər də məsuliyyətə cəlb edilməlidir. Hazırda istintaq gedir. Biz ordakı incəliklər barədə məlumatsızıq. Bəlkə həmin adamlardan da kimlərsə məsuliyyətə cəlb edilib və ya istintaqın növbəti mərhələsində cəlb olunacaq. Hətta həmin məmurlar məsuliyyətdən kənarda qalsalar belə, onların bir rayonun mədəniyyətinə rəhbərlik etmələri doğru olmazdı. Yəqin ki, bu istiqamətdə də müvafiq qərarların verildiyini görəcəyik. Bu artıq hüquqi yox, inzibati məsələdir”.
Məhəmmədəli QƏRİBLİ