Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə yenidən məktub ünvanlayıb. Məktubda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib.
Eyni zamanda o, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. T.Qebreyesus COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. Yekunda ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə dərin hörmətini və ehtiramını çatdırıb. Qeyd edək ki, bu, ÜST rəhbərinin son bir ayda Azərbaycan Prezidentinə ünvanladığı ikinci məktubdur. Bu nəyin ifadəsi sayıla bilər və gələcək üçün nə kimi yeni əməkdaşlıq perspektivləri vəd edir?
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ÜST-nin Baş direktorunun bu diqqəti təsadüfi deyil:“Məlum olduğu kimi, Azərbaycan Prezidenti virusla mübarizədə dünya səviyyəsində inteqrasiyanın gücləndirilməsi, ölkələrin xəstəliklə birgə səylərlə mübarizə aparmaq istiqamətində ciddi işlər görüb. 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünü misal çəkə bilərik. Eləcə də, Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünü bura aid edə bilərik. Həmin müzakirələrdə ÜST sədri də yaxından iştirak edib. Təsadüfi deyil ki, T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. O, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə də diqqəti yönəldib. Bilirsiniz ki, qəbul edilən 18 bəndlik yekun bəyannamədə Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılması nəzərdə tutulurdu. Bu, birbaşa Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs idi. Məktubda bu detala da xüsusi diqqət çəkilir. Bunun özü pandemiya və gələcəkdə ola biləcək hər hansı xəstəliklə bağlı birgə əməkdaşlığa stimul verən razılaşmadı. Məktubda bildirilir ki, ÜST-nin İşçi Qrupu bu səyləri dəstəkləməyə hazırdır. Bütün bunlar əməkdaşlığın daha da güclənməsini və təşkilatla aramızdakı əlaqələrin möhkəmlənməsini şərtləndirir. Ümidvaram ki, Azərbaycanın bu səylərinin yalnız ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün faydası olacaq. Bu, ölkəmizin qüdrətindən xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ