Pandemiya hər bir dövlətin, xalqın həyatında, az və ya çox, fərqi yoxdur, müəyyən problemlər yaratdı, itkilərə səbəb oldu. Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində tamamilə fərqli və daha səmərəli üsullar, metodlar, nümunələr ortaya qoydu.
Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən koronavirusla mübarizə tədbirləri Azərbaycan vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qorunması istiqamətində çox böyük fayda verdi.
Ümumiyyətlə, dövlətin bu sahədə gördüyü işlər, bütövlükdə, vətəndaşların təhlükəsizliyinin, sağlamlığının, sosial rifahının tam müdafiə olunduğunu ortaya qoydu.
Koronavirusla mübarizə dövründə hər hansı bir icra başçısı öz ənənəvi fəaliyyətindən müsbət mənada fərqli bir təşəbbüs göstərdimi və bu təşəbbüslərin faydası nə oldu?
“Onların timsalında hansısa bir fərqli, pozitiv təşəbbüsü müşahidə etməmişəm”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti göz qabağındadır və ölkədə koronavirusla mübarizə istiqamətində görülən işlərin nəticələri də, prinsip etibarilə, bir mənzərəni ortaya qoyub: “Yerli icra hakimiyyəti orqanları ilə bağlı tam ətraflı məlumata malik olmasam da, ümumiyyətlə, mətbuatdan izlədiyim məqamlarla tanışam. Təbii ki, koronavirusla mübarizə sahəsində onların hansısa kreativ ideyalarının, fikirlərinin ortaya çıxması barədə heç nə deyə bilmərəm. Yəni hansısa konkret yerli icra hakimiyyəti orqanının timsalında biz koronavirusla mübarizə müstəvisində həyata keçirilən tədbirlərə fərqli bir yanaşmanın və təşəbbüslərin olduğunun şahidi olmamışıq. Bunun nə ilə əlaqədar olduğunu müxtəlif səbəblərlə bağlamaq olar. Amma, prinsip etibarilə, burada tutaq ki, “Evdə qal” kampaniyası ilə bağlı ayrı-ayrı strukturlar müxtəlif maarifləndirmə işi həyata keçirdilər. Eyni təkrar yanaşmalar müxtəlif rayonların timsalında da olub. Məsələn, hansısa musiqi kollektivlərinin videogörüntülərinin yayılması və s. məqamları qeyd edə bilərik. Bunlar da yüksək peşəkarlıq səviyyəsində olmadığı üçün, sözün doğrusu, hər hansı bir formada diqqəti cəlb etmədi. Daxildə isə maarifləndirmə işinin necə aparılması barədə məlumatlı deyiləm. Ənənəvi qaydada, mərkəzləşdirilmiş formada ayrılan yardımların ünvanına çatdırılmaması məsələləri də var. Bu məsələ ilə bağlı artıq bəzi icra başçıları ifşa olunublar. Digərləri ilə bağlı faktlar varsa, sözsüz ki, araşdırmalar davam etdiriləcək. Sözün doğrusu, onların timsalında hansısa bir fərqli, pozitiv təşəbbüsü müşahidə etməmişəm. Proses, sadəcə, mərkəzi icra hakimiyyəti strukturları tərəfindən idarə olunub” - deyə E.Mirzəbəyli vurğuladı.
İradə SARIYEVA