Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq vasitəçılərin, xüsusən şimal qonşumuz Rusiyanın daha fəal siyasət yürütməsinin vacibliyi Azərbaycan tərəfindən daim aktual məsələ kimi gündəmə gətirilib. Növbəti dəfə Prezident İlham Əliyev bu məsələyə Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində toxunub. Qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş üçün Ermənistana ciddi təzyiq göstərməlidir:“Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20%-nin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qeyd etməliyəm ki, “Qarabağ” adının özü Azərbaycan sözüdür. Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın”.
Hazırda proseslərin inkişaf axarı Moskvanın artıq bu istiqamətdə daha fəal olmağa hazırlaşdığını göstərir. Rusiya Federal Məclisinin Federasiyalar Şurasının üzvü, beynəlxalq münasibətlər məsələsi üzrə komissiyanın sədr müavini Andrey Klimovun açıqlamaları da bunu təsdiq edir. Onun dediklərindən belə bəlli olur ki, əslində Qarabağ münaqişəsinin həlli Rusiyanın özü üçün də vacibdir:“Rusiyanın xarici siyasətində sarsılmaz iki prinsip var: suveren sərhədlərdə Rusiyanın təhlükəsizliyini təmin etmək və Rusiya xalqının rifahı üçün şərait yaratmaq. Bu baxımdan bütün Rusiya sərhədləri boyunca sakitlik olduqca vacibdir”. Bu fonda Klimov qeyd edib ki, Rusiyanın fəal və dost dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsini sivil formada həll etmək mümkün olacaq:“Biz hər şey edirik ki, bu sistemi kritik vəziyyətlərdə sınaqdan keçirmək kiminsə ağlına gəlməsin”. Ermənistanın “Qraparak” qəzeti isə yazır ki, Rusiya daha fəal şəkildə Qarabağ məsələsi ilə məşğul olsa, İrəvan konfliktlə bağlı zəif duruma düşərək əraziləri tədricən Azərbaycana qaytarmalı olacaq:“Əslində, Rusiya artıq fəal şəkildə bu məsələ ilə məşğuldur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə ən azı ekspert səviyyəsində tanış olan hər kəs bilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov digər həmsədrlərin, ABŞ və Fransanın təmkinli razılığı olmasaydı, demək olar ki, açıq şəkildə “mərhələli variant” və ya “Kazan sənədi” barədə danışmazdı. Bu aksiomadır, necə ola bilər ki, nə Vaşinqton, nə də xüsusilə Paris Rusiyanın sərhədləri yaxınlığında onun maraqlarına zidd addımlar atmasın? Kim şübhə edirsə, qoy Gürcüstan nümunəsini göz önünə alsın. ABŞ-ın sabiq səfiri Maks Millsin, erməni xalqının ərazini təhvil vermək istəməməsinin savaşa nədən ola biləcəyini və bundan nəticə çıxardığını, yaxud status-kvonun “beynəlxalq legitimlik” qazanmadığını, Azərbaycanın müharibəyə başlamaq niyyətində olmasının isə legitimlik qazanmasını başa düşdüyünə dair “lirik ifadələri” ifratçılığına istinad etmək qalır. ABŞ-ın xarici siyasəti istefada olan səfirlər tərəfindən deyil, prezidentin birbaşa rəhbərliyi altında Dövlət Departamenti tərəfindən həyata keçirilir. Heç kim ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Boltonun İrəvanda Paşinyanla görüşündən sonra verdiyi “tarixi komplekslərdən qurtulmaq” haqqında “nəsihətini” rəsmi şəkildə ləğv etməyib. ABŞ-ın iki şirkəti Bakı-Ceyhan layihəsindəki payını satırsa, bu, Azərbaycanın bundan sonra ABŞ üçün birbaşa “marağını itirmiş” hesab edilməsi demək deyil. İngiltərə Xarici İşlər Nazirliyi Londonun “Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini” təsadüfən bildirməyib. Hipotetik nəticəli rəylərlə xarici siyasət yürütmək olmaz. Beynəlxalq güc mərkəzləri üçün “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi mövcuddur ki, bunun da son həll olunması işi ilə bir gün realda məşğul olacaqlar. Təşəbbüs Moskvadan gəlirsə və Rusiya Xarici İşlər Nazirliyi artıq məsələ ilə bağlı üçüncü açıqlama veribsə, demək, həmsədrlər buna razılıq veriblər. Bunun üzərində erməni tərəfi öz təbliğat siyasətini qurmalıdır. Əks təqdirdə, status-kvonun nə qədər davam edəcəyi geosiyasi vəziyyətdən və koronavirusdan sonrakı dünya düzənindən asılı olacaq. Bu vaxt Azərbaycanın savaşa başlamasına dünya “dur” deməsə, Ermənistanı çətin vaxtlar gözləyir”.
Nəşr xatırladır ki, mayın 5-də Azərbaycan müdafiə naziri Zakir Həsənov komandir heyəti ilə görüşündə bildirib ki, erməni tərəfinin fəaliyyətlərinin aktivləşməsi ilə hərbi əməliyyatların yenidən başlaması ehtimalı artıb:“Azərbaycan bununla savaşa hazır olduğunu bildirir. Bu dəfə beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Bakını durdurmaq niyyətində deyil”. Tanınmış hərbi ekspert Treysi Cerman da bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların real olduğunu bildirir. Onun sözlərinə görə, münaqişə ölkələrində, vasitəçi ölkələrdə, dünyada səslənən bütün bəyanatları və əsas vəziyyəti təhlil edəndə məlum olur ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Treysi Cerman bildirib ki, konkret olaraq bu münaqişənin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Hərbi ekspert qeyd edib ki, bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar hər hansı dövlətin maraqlarından irəli gəlmir, çünki bütün dövlətlər beynəlxalq fəlakətin qarşısının alınması ilə məşğuldur:“Dağlıq Qarabağ münaqişəsinin alovlanması həm tərəflər, həm də vasitəçilər üçün real, lakin arzuolunmaz ssenaridir. Amma Azərbaycan artıq həll üçün başqa yol da görmür”. Elə bu məqamda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun MDB ölkələrinin xarici işlər nazirlərinin videokonfrans şəklində keçirilən görüşündə danışıqların əbədi davam etməsinin mümkünsüzlüyünə dair fikirləri də tasadüf sayılmır. Azərbaycanın münaqişənin ən qısa zamanda siyasi həllinə sadiq qaldığını bildirən XİN rəhbəri qeyd edib ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır:“Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir. Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanmasına xidmət etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ var. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək". Məhz bu fonda Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə işğalçı Ermənistanı kifayət qədər sıxışdırmaqdadır. Ölkəmizin əldə etdiyi bu üstünlüklər beynəlxalq miqyasda da açıq etiraf edilməkdə, Ermənistana Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etməyin vacibliyinə dair ünvanlanan tövsiyələr artmaqdadır. Açıq şəkildə vurğulanır ki, İrəvan məsələnin dinc müstəvidə çözümü üçün müvafiq addımlar atmasa, Ermənistanın özündən belə əsər-əlamət qalması böyük sual altına düşəcək.
Azərbaycan hərbi müstəvidə əldə etdiyi üstünlüklər sayəsində işğalçı Ermənistanı kifayət qədər təzyiq altında saxlaya bilir. Bunun əvəzində isə Ermənistan getdikcə daha zəif duruma düşür. Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da bunu açıq şəkildə etiraf edir. Onun sözlərinə görə, Azərbaycan hərbi, diplomatik qüdrətini artırdığı halda, Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan daha da zəif duruma düşür:“Bu gün Ermənistanın vəziyyəti iki il əvvəlkindən daha çox pisləşib”. Eyni mövqeni “Milli Gündəm” partiyasının təsisçi qrupunun katibi Ara Qasparyan da bölüşür. Onun sözlərinə görə, Azərbaycanın güclənməsi, Ermənistanın zəifləməsi fonunda müharibə ehtimalı getdikcə artır: “Amma bunlara rəğmən, hökumət erməni ictimaiyyətini müharibəyə hazırlaya bilmir. Azərbaycanda isə əks proses baş verir. Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırlaşır. Bizdə isə buna hələ də lazımi diqqət yetirilmir. Ona görə də 2016-cı ilin aprel sürprizlərini yenə yaşaya bilərik”. Bütün bunlar işğalçı tərəfin ordumuzun gücündən də əhəmiyyətli dərəcədə çəkindiyini aydın nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın, digər sahələrlə yanaşı, hərbi müstəvidə də mövqeləri kifayət qədər güclüdür. Məhz bu durumda Azərbaycan işğal altındakı ərazilərini güc yolu ilə azad etməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. İndi seçim erməni tərəfindədir: düşmən ya zəbt etdiyi ərazilərin dinc yolla azad olunmasına başlamalıdır, ya da qüdrətli Azərbaycan ordusunun dağıdıcı zərbələrinə hazır olmalıdır. Özü də burada İrəvan beynəlxalq şəraitin də birbaşa Azərbaycanın lehinə olduğunu nəzərə almağa məcburdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.