İş adamları iqtisadi inqilabın təəssüf ki, bir mif olduğunu, kağız üzərində qaldığını, sadəcə, danışıqlarda səsləndiyini xatırladaraq Ermənistanı tərk edirlər. Bu barədə “ArmNews” televiziya şirkətinin “Abraam Qasparyanla axşam xəbərləri” verilişində çıxışı zamanı “ArmNews” televiziya şirkətinin informasiya departamentinin direktoru Abraam Qasparyan bildirib.
Onun sözlərinə görə, bəzi iş adamları səhmlərini satıb və biznesini ölkədən ixrac edib: “İqtisadçılar deyirlər ki, indi pul qazanmaq çox çətindir, qazanc yoxdur və risqlər yüksəkdir. Bir sözlə, bir iş adamı Ermənistanda biznes qurmaqdan qorxur. Buna “Bank sirri” qanununda boşluqlar əlavə olunur: strateji sirləri olan məlumatlar sıza, kimlərinsə əlinə keçə bilər”.
Qasparyan bunu Milli Şura tərəfindən qanunsuz əmlakın müsadirə edilməsi haqqında yaxınlarda qəbul edilmiş qanuna istinad edərək deyib.
Teleicmalçının fikrincə, başqa “narahat elementlər” də var: “Bu qanuna, çox güman, kapitalın yenidən bölüşdürülməsini tənzimləyən qanun deyilə bilər. Bir iş adamı burada özünü təhlükəsiz hiss etmir: “pulların alınması” istənilən vaxt baş verə bilər. Bu qorxular üzündən iş adamları Ermənistandan gedirlər və bu da iqtisadiyyatda dərin boşluqlar yaradır. Bir sözlə, ötən iki ildə gözləntilər özünü doğrultmadı”.
Belə məlum olur ki, Paşinyanın ötən iki ildə vədləri və gördüyü işlər, sadəcə, mif olub. İqtisadi tədbirləri özünü dğrultmayıb. İqtisadi azadlıqlardan isə, ümumiyyətlə, danışmağa dəyməz.
“Artıq erməni iqtisadçıları və iş adamları bunun əyani şahididirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ötən iki ildə Paşinyan əsasən əvvəlki hakimiyyət rəsmilərini təqib etməklə məşğul olub: “Ermənistanda etirazlardan və hakimiyyətin dəyişməsindən iki il keçir. Bu müddət ərzində Nikol Paşinyanın islahatlar dalğası yalnız keçmiş hakimiyyət nümayəndələrinin həbsi və təqibi ilə davam etdi. Halbuki, xalq ondan sosial vəziyyətin yaxşılaşdırılmasını, iş adamları yeni investisiya mühitinin yaradılmasını gözləyirdi. Ancaq Paşinyanın verdiyi mesajların populizmə əsaslandığının bir daha şahidi olduq. Məhz hazırda Ermənistanın iş adamları bunu açıq şəkildə dilə gətirirlər. Paşinyan iş adamlarından əlavə xərac toplayır və onları hər vasitə ilə sıxışdırır. Ümumiyyətlə, erməni cəmiyyəti və düşüncəsi kriminala meyllidir. Orada baş verənlər bu qayda ilə reallaşır. Paşinyanın iqtisadi azadlıqlar və firəvan cəmiyyət bəyanatları sabun köpüyü kimi əridi getdi. Çünki Ermənistanın iqtisadi davamlılığını qoruyan resursları yoxdur. Xarici yardımlardan asılı olan bir ölkənin iqtisadi inkişafdan danışması, müharibə şəraitində olan bir ölkənin xarici investisiyaları ölkəyə cəlb edəcəyini vurğulaması utopiya idi. Artıq erməni iqtisadçıları və iş adamları bunun əyani şahididirlər. Paşinyanın ölkəni ağır duruma apardığının fərqindədirlər. Bu ölkənin inkişafa qədəm qoyması yalnız illüziyadır. Ermənistanın inkişafı Azərbaycanın ərazilərinin işğalına son qoyulmasından asılıdır”.
Vidadi ORDAHALLI