İndi bütün dünyada pandemiya özünün ilk və ən çətin mərhəkəsini başa vurmaqdadır. Həyat normallaşmağa doğru gedir, təbii ki, virusun mümkün təhlükələri hələ də qalmaqdadır.
Amma bir ay, ay yarım əvvəl yeni virusun dünyada yaratdığı qorxunc mənzərələr,qlobal iqtisadiyyatın çökməsi, geniş sosial iflas gələcək haqqında hansısa nikbin proqnozlar verməyi çətinləşdirirdi. Qeyri-müəyyənliyin hökm sürdüyü həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü pandemiya ilə mübarizə mövzusuna həsr edildi. Öz ölkəsində təhlükəli virusla mübarizədə çox ölkələrə nümunə olacaq tədbirlər görməyi bacarmış bir dövlət başçısının bu addımı onun mənəvi zənginliyinin, böyüklüyünün göstəricisi idi. Təsadüfi deyildi ki, videokonfrans vasitəsilə Zirvə görüşünə qatılan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom çıxışında pandemiya ilə mübarizədə yaxından iştirakına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirdi.
Konfransın ən vacib məqamı isə dünyaya mesajı idi. Bu mesajda virusun ümumi evimiz olan dünyaya məhvedici təsirinin qarşısını almaq üçün birliyin,qarşılıqlı əmıkdaşlığın vacibliyi vurğulanırdı.
Təxminən bir ay sonra dünyanın gözü yenə Azərbaycanda idi. Mayın 4-də bu dəfə Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısının təşəbbüsü ilə Təmas Qrupu formatında videkonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu.
120 dövlətin üzv, 17 ölkənin müşahidəçi qismində təmsil olduğu geniş coğrafiyaya malik Qoşulmama Hərəkatının xəttilə dövlətimizin başçısının belə bir təşəbbüslə çıxış etməsi ümumi bəla olan koronavirusla mübarizə istiqamətində təqdirəlayiq bir addımdır.
Videokonfransda BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Avropa İttifaqının ali nümayəndəsinin iştirakı onun əhəmiyyətinin sübutu idi.
Zirvə görüşünə beynəlxalq aləmin diqqəti, nüfuzlu təşkilatların verdiyi qiymət ölkəmizin artan şöhrətindən, Azərbaycanın müstəqil bir dövlət kimi əhəmiyyətindən xəbər verir.
Bu tədbir göstərdi ki, ölkəmizin rəhbəri koronavirusla yalnız milli səviyyədə, ölkə hüdudları daxilində mübarizə aparmaqla qalmır, həmçinin regional və qlobal miqyasda mübarizədə birliyin, həmrəyliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Cənab Prezidentin bu addımı isə Zirvə görüşünün bəyannaməsində çox doğru olaraq, ”vaxtında və dəyərli görüş” kimi qiymətləndirildi.
Sonda üzümü cənab Prezidentə tutub deyirəm: insanların rifahı naminə etdikləriniz üçün, dünyada Azərbaycan adlı qüdrətli, şöhrətli bir ölkə yaratdığınız üçün bütün insanlar, o cümlədən, yevlaxlılar Sizin ətrafınızda bundan sonra da sıx birləşəcək, Sizə sədaqətlə, məhəbbətlə xidmət edəcəklər.
Əminə ƏHMƏDOVA, YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri