Ermənistanda mövcud hakimiyyətin fəaliyyətindən narazı qalan Rusiyanın bu ölkəyə yeni təzyiq siyasətini işə salması gözlənilir. Özü də Moskvanın bu dəfə daha sərt və çevik şəkildə İrəvanın üzərinə yeriməsi gözlənir. Çünki ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün aktiv hərəkətə keçib.
Yaranmış vəziyyətdə Ermənistan mediası da yazır ki, Kremlin budəfəki təzyiq siyasəti əvvəlkilərlə müqayisədə İrəvan üçün daha amansız olacaq. Bura, bir çox sahələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də aid edilir. Hətta “İravnuk” qəzeti yazır ki, Moskva barəsində son dövrlərdə daha çox bəhs etdiyi mərhələli həll planının işə salınmasını da tezləşdirməyə çalışacaq. Bütün bunlara əsas səbəblərdən biri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Alman Marşal Fondunun təşkil etdiyi müzakirə zamanı Ermənistanla bağlı verdiyi açıqlamalardır. Burada Kent bir sıra maraqlı məqamlara toxunaraq bildirib:“Ölkələr həqiqətən keçmişin mirasından yaxa qurtarmaq istəyirlərsə, məhkəmə və təhlükəsizlik xidmətlərində islahat aparmalıdırlar. Ölkələr buna müvəffəq olduqda, bolşevik sovet dövrünü tamamilə dəf etdiklərini söyləyə bilərlər. Bu ölkələrin uğur qazanmasını, çiçəklənən, demokratik, məsuliyyətli dövlətlər qurmasını, təhlükəsizliyini təmin etmələrini, xaricdən gələn hər hansı bir təcavüzə və ya təsirə müqavimət göstərə bilməsini arzu edirik”. “Lragir.am” nəşri yazıb ki, bu açıqlama ilə Vaşinqton Ermənistanın sovet mirasından uzaqlaşmasında və suveren dövlət qurmasında maraqlıdır:“Bu yolda Ermənistan ilk növbədə məhkəmə sistemi və xüsusi xidmət orqanlarında islahatlar həyata keçirməlidir. Baş nazir Nikol Paşinyan qeyd edib ki, MTX-dən istintaq və antikorrupsiya funksiyaları alınacaq, MTX əks-kəşfiyyat, terrorizmə qarşı mübarizə və təhlükəsizliklə, habelə konstitusiya quruluşunun qorunması kimi məsələlərlə məşğul olacaq. O, ayrıca bir kəşfiyyat orqanı qurulacağını bildirib. Sərhəd mühafizə xidmətinə gəlincə, Paşinyanın sözlərinə görə, burada hibrid qurum fəaliyyət göstərəcək. Bu hibrid qurumun nə demək olduğu aydın deyil.
Xatırladaq ki, Ermənistanda üç qurum sərhəd mühafizə xidməti həyata keçirir. İran və Türkiyə sərhədini Rusiya sərhədçiləri, Gürcüstanla sərhədi MTX-nin sərhəd qoşunları, Azərbaycanla sərhədi isə ordu birləşmələri qoruyur. Ermənistan islahatlar nəticəsində Rusiya sərhədçilərinin xidmətlərindən imtina edib öz sərhədlərinə nəzarəti ələ keçirmək istəyirmi? Bu olmadan “sovet mirasından yaxa qurtarmaq” və suveren bir dövlət qurmaq barədə danışmaq çətindir. Elə ABŞ da rus ordusunun və sərhədçilərinin Ermənistandan çıxmasını istəyir. Paşinyanın islahatlarında bunun əks olunması istisnalıq təşkil etmədiyindən, proseslər Moskvanı olduqca qəzəbləndirir.
Qeyd edək ki, rus sərhədçiləri və ordusunun Ermənistandan çıxarılması Paşinyan hakimiyyətə gələndən gündəmdədir. Erməni şərhçi Naira Ayrumyan Paşinyanın Rusiya ordusunu ölkə ərazisindən çıxarmaq cəhdinin indi də davam etdiyini bildirir. Ayrumyan qeyd edir ki, Ermənistanın Sərhəd Qoşunları hazırda yox vəziyyətindədir:“Çünki Azərbaycanla sərhəd Ermənistan Müdafiə Nazirliyinin sərəncamındadır. İran və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Həmin qoşunlar Gümrüdəki 102-ci hərbi bazada və Erebuni hava limanında yerləşir. Hərbi bazanın sərəncamında tanklar, zirehli texnika, hərbi təyyarələr, helikopterlər və 5 min hərbçi var. Ermənilər bu barədə sussalar da, Gürcüstan NATO-ya girməyə namizəd olandan sonra onun da sərhədləri, demək olar ki, rus hərçilərinin nəzarətindədir. Bağlanmış müqaviləyə görə, Rusiya sərhədçilərinin Erməinstana göstərdiyi “atalıq qayğısı” müvvəqqətidir və nə vaxtsa sona çatmalıdır. Rusiya ilə müqavilədə qeyd edilir ki, Rusiya sərhədçiləri Ermənistanın Sərhəd Qoşunları yaranana kimi Ermənistana yardım edəcək”. Buna görə, Naira Ayrumyan ehtimal edir ki, artıq həmin gün gəlib çatıb və Ermənistan özünü Sərhəd Qoşunları yaratmağa qadir ölkə kimi hiss edir. Buna görə də erməni şərhçi Rusiya ordusunun Ermənistandan çıxarılması üçün müəyyən bir yol xəritəsi də irəli sürür:“Bunu ilk növbədə Zvartnots hava limanında gerçəkləşdirmək lazımdır, orada Ermənistanın sərhəd nəzarəti məntəqəsində Rusiya əsgərləri dayanır. Bu nonsensdir və çox illərdir ki, həll edilməyib. Ermənistanın yeni hökuməti bəyan edib ki, suverenliyin keşiyində durub. Sərhədlərə nəzarət Ermənistanın suverenliyinin bərpası üzrə ilk addım olmalıdır. O da mümkündür ki, Ermənistanı 1922-ci il SSRİ-sinə bənzər Avrasiya İttifaqı utancından xilas etmək üçün Paşinyan hər şeyə gedə bilər - Rusiya hərbi bazasını çıxara da bilər, Dağlıq Qarabağa Azərbaycanın beynəlxalq aləmdə tanınan hüququ ilə də razılaşa bilər. Düzdür, ermənilərin indiki nəsilləri onu anlamasalar da, gələcək nəsillər bu cür uzaqgörən addımlarına görə onu, yəqin ki, ittiham etməz. Hər halda, bu kimi gedişlə Ermənistan Rusiya əsarətindən xilas ola bilər. Amma Kremlin indiki halda buna reaksiyası da sərt olacaq. Elə Paşinyanı cəzalandırmaq üçün Dağlıq Qarabağa Azərbaycanın beynəlxalq aləmdə tanınan hüququnun reallaşmasına Kreml daha tez yardım edə bilər”.
Ermənistanın “Politeconomy” araşdırma institutunun rəhbəri Andranik Tevanyan da baş verənlər fonunda maraqlı məqama diqqət çəkir. O, 9 mayda Rusiyanın, Azərbaycandan fərqli olaraq, Ermənistanı qətiyyən yada salmadığını bildirir:“Parlamentimizdə Oruel üslubunda “zorakılıq təxribatı” nəzəriyyəsi təbliğ olunana və parlamentin aqressiv əksəriyyətinin coşğun alqışlarına layiq görülənə qədər rəsmi İrəvanın Qarabağ məsələsi üzrə bədnam mərhələli variant ətrafında danışıqlar aparması faktı səs-küy içərisində boğulur. Bu faktı gizlətməyə çalışan və baş nazir üçün vəkillik edən şəxs həmin baş nazir tərəfindən təxribatçı və xalq düşməni, ona qarşı zorakılıq isə “inqilabi hüququn reallaşması” elan olundu. Daha bir vacib detal səs-küy içərisində boğuldu. Faşizm üzərində qazanılmış qələbə ilə bağlı Rusiya prezidenti və Ermənistan rəhbəri arasında sıfır səviyyəli ünsiyyət olub. Halbuki, o günlə əlaqədar Putinin Qazaxıstanın birinci prezidenti Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı olub. Bizə qeyd etmək qalır ki, erməni-rus rəsmi əlaqələri, xüsusən Paşinyan-Putin münasibətləri düşmən deyilsə, ən azından soyuqdur. Səbəblər hamımıza məlumdur. Bu səbəblər Rusiyanın Qafqaza, Qarabağ məsələsinə ümumi yanaşmasına da təsirini göstərəcək”. Ermənistanın “1in.am” nəşri isə yazır ki, rəsmi İrəvanın Rusiya ilə münasibətləri müstəqillikdən sonrakı dövrdə əsas məsələdir. Bu məsələ, ən azı, Qarabağ məsələsinə paralel və ya ən azından bununla bərabər Ermənistanın daxili siyasi həyatına təsir edən əsas amillərdən biri olub:“Bəzən bu iki məsələnin əlaqəli daxili təsiri olub. Bununla belə, şübhə yoxdur ki, Moskva bu vəziyyətdən Ermənistana təsir imkanlarını yaymaq üçün nə qədər istifadə etməyə çalışsa da, Ermənistan-Rusiya münasibətləri yalnız Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənmir. Qafqaz təhlükəsizlik sisteminin xarakteri və rejiminin bununla bağlı olduğunu nəzərə alaraq Ermənistan-Rusiya münasibətləri geosiyasi əhəmiyyətə malikdir. Bu mənada, xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistan-Rusiya məsələlərinə dair, problemlər olmadıqda daha dərin bir problemin olduğu barədə açıqlaması, həqiqətən də, xüsusi əhəmiyyət və məna kəsb edir. Erməni-rus problemlərinin olmaması nə deməkdir? Bu, iki şey deməkdir, ya Ermənistanın suverenliyinin, ya da müstəqil bir Ermənistan dövlət siyasətinin mümkün olmamasıdır, ya da Rusiyanın bir əsrdən çox yaşı olan Türkiyə ilə ənənəvi Qafqaz oyunu yoxdur. Bu oyunun bir hissəsi Rusiya və Türkiyə arasındakı Moskva-Qars müqavilələrində öz əksini tapıb. Moskvanın, əlbəttə ki, reallıqda yaxın dostluq münasibətlərində olduğu Türkiyə ilə ənənəvi oyundan hələ prinsipial olaraq geri çəkilməməsinin göz qabağında olduğunu nəzərə alsaq, Kreml Ermənistanı oyunun bir hissəsi kimi nəzərdən keçirir. Nə qədər ki, Rusiya regional siyasətini Türkiyə ilə oyun üzərində qurur, Ermənistan-Rusiya münasibətlərində problemin olmaması o deməkdir ki, Ermənistan dövlətinin bu oyuna müqaviməti yoxdur. Mnatsakanyan problemlərin olduğunu və bunların müzakirə olunduğunu deyirsə, bu, Ermənistanın dayanıqlığı və suverenliyinin mövcudluğu, ən azı, görülən səylər haqqında bir ifadədir. Sözsüz ki, məzmun baxımından göstərilən səylərin tam olub-olmaması, əlbəttə, fərqli bir məsələdir. Ancaq bir şey aydındır ki, Qarabağ məsələsində Rusiyaya hər hansı güzəşt edilməsi Ermənistanın bütün müqavimət sistemini məhv edəcək. Moskvanı buna təhrik edən daha bir səbəb İrəvanın ABŞ meylindən əl çəkməməsi, bu ölkənin laboratoriyalarının ölkədə fəaliyyətinə icazə verməsidir. Kreml artıq buna qarşı da müqavimət yaradır. Təsadüfi deyil ki, "Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana ölkə əhalisinin təhlükəsizliyi naminə ABŞ bioloji laboratoriyalarının ləğvi tələbi ilə müraciət ediblər. Onlar bildiriblər ki, bu cür obyektlərin yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur, lakin hakimiyyət illərdir vəziyyəti görməzdən gəlir. Yaydıqları bəyanatda vurğulanır: "Ermənistan ərazisindəki Amerika bioloji laboratoriyaları həm vətəndaşların sağlamlığına, həm də erməni genetik kodunun qorunmasına təhlükə yaradır. Ermənistanın suverenliyini və erməni xalqının təhlükəsizliyinin təmin olunmasının prioritetliyini nəzərə alaraq," Ermənistan qartalları - Birləşmiş Ermənistan" partiyası baş nazir Nikol Paşinyandan tələb edir ki, iki ay ərzində ABŞ-ın Ermənistandakı bütün bioloji laboratoriyalarını ləğv etsin". Moskva, bir sözlə, Ermənistana qarşı fəal hərəkətə keçib”.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çp olunur.