Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıqda olduğu məlum olub. Bu barədə Ermənistan saytları məlumat yayıb. Məlumatda bildirilir ki, Baş nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib: “Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”.
Baş nazirin paylaşımından sonra şərhlər gəlməyə başlayıb. Şərhlərdə bildirilir ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb. Paşinyanın babasının faşistlərə xidmət etdiyini təsdiqləyən şərhlər indi də gəlməkdə davam edir. Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarıb. Mətbuatın araşdırması zamanı məlum olub ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.
Qeyd edək ki, Paşinyanın baş nazir seçiləndən sonra Almaniyaya səfəri zamanı maraqlı hal yaşanmışdı. Həmin vaxt media yazırdı ki, Merkel Paşinyanla təkbətək söhbətdə erməni mafiyasının ölkəsindəki fəaliyyətindən danışıb. Hətta Merkelin Paşinyana Ermənistan hakimiyyəti ilə sıx əlaqədə olan həmin mafiyanın alman hökumətinə də nüfuz edə bilməsi ilə bağlı xəbərdarlıq etdiyi bildirilirdi. Paşinyanın babası ilə bağlı ortaya çıxan xəbər Merkelin Paşinyanla görüşdə ikincinin babasının onlara işləməsi faktını da erməni baş nazirin nəzərinə çatdıra biləcəyini inandırıcı edir. Bununla bağlı ekspertlər nə düşünür?
“Artıq rəsmən təsdiq olundu ki, Ermənistana rəhbərlik edən şəxsin babası faşistlərlə birlikdə olub”
Qərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu fakt Ermənistan hakimiyyətinin faşizmə niyə belə sıx bağlı olduğunu bir daha ortya çıxardı:“Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib. Prezident müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb. Mən əminəm ki, Paşinyanın öz babasının harda, necə döyüşdüyündən xəbəri olub. Elə bunu da Qərbə xoş gəlsin deyə edib. Bilirdi ki, belə məlumatların dəqiqləşdirilməsi indiki zəmanədə asandı. İnternet üzərindən istənilən adam həmin məlumatları dəqiqləşdirə bilir. Kimin Böyük Vətən Müharibəsində harda vuruşduğu və ya əsir düşdüyü ilə bağlı məlumatlar elektron bazaya yerləşdirilib. Paşinyanın bu addımı bilərək edilən gedişə oxşayır. Artıq rəsmən təsdiq olundu ki, Ermənistana rəhbərlik edən şəxsin babası faşistlərlə birlikdə olub. Nikol Paşinyanın bugünkü siyasi fəaliyyəti, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyanı əzizləməsi və onu müdafə etməsi, ona İrəvanın mərkəzində qoyulan hündürlüyü 6 metr olan heykəli tez-tez ziyarət etməsi Paşinyanın özünün də faşist mahiyyətindən xəbər verir. Hətta bir qədər də araşdırma aparılsa, onun babasının Qaregin Njdenin silahdaşı olması üzə çıxacaq. Almaniya rəhbərliyində belə bir məlumatın olmasına şübhə etmirəm. Çünki nəhəng dövlətlər başqa ölkələrdə hakimiyyətə kimin gəldiyini dərindən izləyirlər. Paşinyanla da bağlı almanların belə araşdırma apardıqlarına əminəm. Ola bilməz ki, Merkel görüş zamanı bu detalı Paşinyanın nəzərinə çatdırmasın. Ermənistanın rəsmi dairələri güya bu məlumatların doğru olmadığını bəyan edirlər. Ancaq fakt və Paşinyanın öz mahiyyəti ortadadır”.
Məhəmmədəli QƏRİBLİ