Rusiyanın “Rossiya-24” televiziya kanalında mayın 10-da efirə gedən “Formula Vlasti” verilişinin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunan buraxılışında bu müharibədə uğur qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs edilib, dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb.
“Formula Vlasti” verilişinin Qələbə gününə həsr olunan buraxılışında müharibənin tarixindən, partizan hərəkatından danışılıb. Verilişdə bir sıra dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, BMT-nin Baş katibi Antonio Quterreşin müsahibələri və çıxışlarından da hissələr verilib.
Verilişdə Böyük Vətən Müharibəsində dünya ölkələrinin və xalqlarının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəsindən ətraflı bəhs olunub, onların Qələbə naminə xidmətləri vurğulanıb. Bu baxımdan böyük Qələbənin əldə olunmasında Azərbaycanın da rolu xüsusi qeyd edilib. Ancaq yarım saatlıq verilişdə Ermənistanın müharibədə rolu barədə bir kəlmə də deyilməyib. Bununla, bir növ, ikili oyun oynadığına görə Ermənistana yerini göstərdilər.
“Bir tərəfdən bəyan edirlər ki, ermənilərin sözügedən müharibədə xidmətləri olub, o birisi tərəfdən faşistlərə xidmət edənlərin adı əbədiləşdirilir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Ermənistanla bağlı Rusiya telekanallarının belə mövqe tutması təsadüfi deyil: “Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Böyük Vətən Müharibəsi ilə bağlı riyakar siyasət sərgiləyir. Bir tərəfdən bəyan edirlər ki, Ermənistanın sözügedən müharibədə xidmətləri olub, o birisi tərəfdən faşistlərə xidmət edənlərin adı əbədiləşdirilir. Onlara abidələr ucaldılır. Njde ilə bağlı yaşanan biabırçılıq deyilənlərə əyani sübutdur. Rusiya da bütün bunların fərqindədir. Məsələ ondadır ki, Kreml Ermənistanın ikili siyasətini qəbul etmir. Onların bu cür davranışları Rusiya dairələrində qıcıqla qarşılanır. Azərbaycanın isə Böyük Vətən Müharibəsi ilə bağlı mövqeyi birmənalıdır. Bununla yanaşı, müharibənin qələbə ilə başa çatmasında Bakı nefti həlledici rol oynayıb. Bu, tarixdir və bunu danmaq olmaz. Hesab edirəm ki, sözügedən verilişdə Azərbaycanın müharibədəki roluna xüsusi önəmin verilməsi ədalətin göstəricisidir. Nəhayət ki, tarixi ədalət bərpa olunur”.
Vidadi ORDAHALLI