Ermənişünas alim, Türkiyənin Erciyez Universitetinin professoru Qafar Çaxmaqlı sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir videokonfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edib. Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı: “Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik”. O əlavə edib ki, öncə bu respublikanın Milli Şurası fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılacaq”.
Qeyd edək ki, bu təşəbbüs əslən Qərbi Azərbaycandan olan ziyalılar arasında birmənalı qarşılanmayıb. Bu ideyanı açıq dəstəkləyənlərlə yanaşı, qarşı çıxanlar da var.
“Rəhbərlikdə təmsil olunan adamların kimliyinə xüsusi fikir verilməlidir”
Qərbi Azərbaycan kökənli sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini dəstəkləyir:“Bu çox müsbət bir təşəbbüsdür. Çünki qərbi azərbaycanlılar 1988-ci ildən etibarən öz tarixi torpaqlarından zorla qovulub. Qərbi azərbaycanlıların öz müqəddəratını təyin etmək hüququ var. Bu gün Azərbaycanın bir çox bölgəsində 1988-ci ildə Ermənistandan qovulan yüzminlərlə qərbi azərbaycanlı yaşayır. Bu insanlar qeyri-qanuni və beynəlxaq normalara zidd şəkildə Ermənistandan kütləvi deportasiya olunublar. Məsələ ondadır ki, bu, bir tarixi prosesin son dalğası idi. Yəni 1988-ci ildə Ermənistandan zorla qovulan azərbaycanlılar bundan öncə də mərhələli şəkildə Azərbaycana köçürülüb. Bütün bu tarixi faktlar bir daha onu göstərir ki, qədim Azərbaycan torpağı olan İrəvan ərazisində süni şəkildə ermənilərin sayı artırıldığı halda, soyqırım, köç və məcburi surətdə azərbaycanlıların sayı azaldılıb. Buna görə də deyə bilərik ki, bu gün İrəvan azərbaycanlılarının İrəvan uğrunda mübarizə aparması tam haqlı və tarixi bir zərurətdir”.
Q.Hüseynli hesab edir ki, sonrakı proseslər koordinasiyalı şəkildə baş verməlidir:“Hələlik təşəbbüs qrupunda kimlərin təmsil olunduğundan xəbərim yoxdur. Ancaq istərdim ki, orda dünyanın hər yerində yaşayan və Qərbi Azərbaycanın bütün mahallarını təmsil edən ziyalılar təmsil olunsun. Bu ağır bir prosesdi. Buna görə də, rəhbərlikdə təmsil olunan adamların kimliyinə xüsusi fikir verilməlidir. Hətta rəhbərliyə erməni dilini yaxşı bilən mütəxəsislər də dəvət olunmalıdır”.
“Təklifimiz budur ki, 75 nəfərdən ibarət parlament formalaşdırılsın, həmin parlament də hökuməti seçsin”
Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəl bu ideyanın hardan meydana çıxdığını bilməyiblər:“Bilirsiniz ki, Qərbi Azərbaycan adı ilə indiyə kimi manipulyasiyalar olub. Bu addan istifadə edib, öz şəxsi maraqlarını təmin edənlər də az olmayıb. Biz də istəmədik ki, belə bir təşəbbüs kimlərinsə maraqlarına xidmət etsin. Apardığımız danışıqların nəticəsi olaraq belə qənaətə gəldik ki, bu şəxsən Qafar Caxmaqlının təşəbbüsü ilə irəli sürülüb. Qərbi Azərbaycandan olan bir çox ziyalı da buna dəstək verib. Bizim təklifimiz də nəzərə alındı ki, bu məsələni qurultay səviyyəsinə çıxarıb, ciddi şəkildə müzakirə etmək lazımdır. Bu, 3-5 adamın bir yerə yığışıb edəcəyi iş deyil. Həmin qurultaya Qərbi Azərbaycanın bütün bölgələrini təmsil edən nümayəndələr çağırılmalıdır. Təklifimiz budur ki, 75 nəfərdən ibarət parlament formalaşdırılsın, həmin parlament də hökuməti seçsin. Çalışmalıyıq ki, Rəvan xanın nəslindən olan şəxslərlə də əlaqə qurub, onları da bu işlərə cəlb edək. Biz təklifi qəbul etdik. Bu işdə yaxından iştirak edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ