Ermənistanda mövcud vəziyyətin təhlili burada güc strukturları ilə baş nazir Nikol Paşinyanın ciddi problemlərinin yarandığını üzə çaxarır. Bu xüsusda Ermənistanın “Jamanak” nəşri yazır ki, ölkənin hüquq-mühafizə sistemində kadr dəyişiklikləri gözlənir və bu dəyişikliklər sistemi əvvəlki rejimə and içmiş kadrlardan təmizləməyə yönələcək.
Nəşr qeyd edir ki, yaxın günlərdə Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan və əslində Ermənistanın yeni hakimiyyəti tərəfindən həyata keçirilən antikorrupsiya siyasətinin təxribata məruz qoyduğu bir neçə “məşhur müstəntiq” vəzifəsindən azad olunacaq. Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə də Paşinyanın ciddi problemləri var. Bu qurumun keçmiş direktoru Artur Vanetsyanla yanaşı, indiki rəhbərlik də Paşinyanla çətinliklər yaşayır. Xüsusən də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun müavini vəzifəsinə Argişti Kərəmyanın təyinatından sonra burada qiyam başlayıb. Məlumata görə, təyinatdan narazı olan bir sıra şəxs təşkilatdan istefaya getdiyini açıqlayıb. İstefa ərizəsi yazanlar arasında Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsinin rəisi, onun müavini də yer alıb. Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanın da istefa məktubu yazanlar sırasında olduğu vurğulanıb. Qeyd edək ki, Argişti Kərəmyan Ermənistan kəşfiyyatına Dövlət Nəzarət Komitəsindən gətirilib.
“Qraparak” qəzeti yazır ki, narazılığa daha bir səbəb Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının maaşlarından koronavirusla mübarizə fonduna məcburi pul tutulmasıdır:“Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bizə bildirib ki, mayor rütbəsindən aşağı olan əməkdaşlar fondun hesabına 5 min dram (10,4 ABŞ dolları), yüksək rütbəli zabitlər isə 10 min dram (20,8 ABŞ dollar) köçürməyə məcbur edilir”. Məlumata görə, Xidmətin əməkdaşları keçmiş məmurların törətdiyi cinayətləri araşdırmaqla məşğul olduqlarını və bu məcburiyyətdən narazı qaldıqlarını bildiriblər. Hesab edilir ki, Milli Təhlükəsizlik Xidməti ilə problemlər Paşinyan iqtidarına qarşı ciddi zərbələrlə müşayiət edilə bilər.
Erməni ekspert Stepan Danielyan bu xüsusda bildirir:“Paşinyan güc strukturları üçün “persona non grata” olur, yəni istənilməyən şəxs, onunla birlikdə iş görənlər gələcəkdə “koloborasionistlər” - əməkdaşlıq edənlər hesab ediləcək”. O bildirib ki, bu tendensiya çoxdan hiss olunurdu, lakin indi aydın təzahürlər alır:“Polis və MTX mühafizəkar strukturdur, onların daxili davranış qaydası və ənənələri var. Bu, yaxşı və ya pisdir, hazırkı anda vacib deyil, bu belədir. Silahlı Qüvvələrə gəlincə, Nikol orada da xarici elementdir. Nikol bunu hiss edərək həmin strukturları - ən azı, qarşılıqlı inamsızlığı daha da dərinləşdirən rəhbər tərkibi nüfuzdan salmağa çalışır. Lakin həm Nikol, həm də güc strukturlarını bir-birinin varlığına uyğunlaşmağa və alışmağa məcbur edən bir həqiqət var. Yəni bu strukturlarda Paşinyanla danışıqlar aparanlar olmalıdır, bu strukturların rəhbərləri həmin danışıqlar aparan rolunu oynayır və ya oynayırdı. İndi isə vəziyyət dəyişir və bu strukturların rəhbərləri “kənardan” təyin olunursa, o zaman Nikol “danışıqlar aparanlarsız” qalır. Bundan nə alınacağı maraqlıdır”.
Nahid SALAYEV