“…Njdenin faşist cəlladı olduğunu sübut edən kifayət qədər sənədlər var. Sovet İttifaqı tərəfindən 25 il müddətinə həbs edilmiş Qaregin Njdeyə bəraət verilməmişdir. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim etmişdir. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim “Respublikaçılar” partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
Qaregin Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist təlimi Ermənistanın sabiq hakim “Respublikaçılar” partiyasının ideoloji əsasını təşkil edir. Faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan bu təlim “Tseğakron” (millətçi, dini və bütpərəst mistizminin irqçi birləşməsi) və ya “Njdeizm” adlanır. “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil hələ də bu ruhda tərbiyə edilir”. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması ilə əlaqədar AZƏRTAC-a bildirib.
“Dünya dövlətləri “Njdeizm” kimi mürtəce ideologiyanı açıq şəkildə təbliğ edən, hətta dövlət siyasətinə çevirən Ermənistanla münasibətlərinə yenidən baxmalıdırlar”
“Njdeizm” adı altında bu irqçi ideologiyanın Ermənistanda orta və ali məktəb proqramına daxil edilməsinin və gənc nəslin hələ də bu ruhda tərbiyə olunmasının bütün bəşəriyyət üçün zərərli təmayüllər formalaşdırdığını deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeder.com-a bildirdi ki, bu zərərli tendensiyanın sıradan çıxarılması üçün beynəlxalq aləm hərəkətə keçməlidir. Faşizmin böyük bir təhlükə olduğunu, irqçilik, şovinizm kimi xoşagəlməz məsələlərə yol açdığını qeyd edən F.Ələkbərlinin sözlərinə görə, bütün dünya Ermənistanın yürütdüyü faşizm, nasizm siyasətindən narahat olmalıdır. “Biz bilirik ki, Ermənistanın bütün mövcud partiyalarında mürtəce milliyyətçilik əsas yer tutur. İstər “Daşnaksütyun”, istər “Respublikaçılar”, istərsə də digər partiyalarda erməni mürtəce millətçiliyi əsas yer tutur. Bunlardan biri də faşist əlaltısı Qaregin Njdenin adı ilə bağlı olan “Njdeizm” irqçi ideologiyasıdır ki, bu da Ermənistanın “Respublikaçılar” partiyasının əsas ideoloji xəttini təşkil edir. Biz görürük ki, əslində, “Daşnaksütyun” və “Respublikaçılar” partiyasının ideologiyasında heç bir əsaslı fərq yoxdur. Sadəcə, hər ikisi “Böyük Ermənistan” planlayırlar. Amma burada Njdenin ideyalarından qaynaqlanan bəzi məsələlər var ki, o da daha çox ari ideologiyasına və faşizmə əsaslanır. Bilirik ki, ariçilik ideologiyası üstün millətçiliyi təbliğ edir və burada bu ideologiyaya aid olmayan digər millətlər aşağılanır, onlar ikinci-üçüncü dərəcəli xalq hesab olunur. Şübhəsiz ki, Ermənistanda istər “Njdeizm”in, istərsə də digər bu cür irqçi, mürtəce ideologiyaların təbliğ edilməsi, orta və ali məktəblərdə tədris olunması birmənalı şəkildə təkcə Azərbaycan üçün deyil, İran, Rusiya, Türkiyə, Gürcüstan, bütövlükdə isə bəşəriyyət üçün təhlükədir. Ona görə də “Njdeizm” kimi faşistpərəst, irqçi ideologiyanın orta və ali məktəblərdə xüsusilə tədris və təbliğ edilməsi doğrudan da dünya üçün nə qədər təhlükəli olduğunu ortaya qoyur. Bizim onsuz da İkinci Dünya Müharibəsi zamanı faşizmin İtaliyanın və Almaniyanın timsalında hansı faciələrə səbəb olduğu haqda bilgilərimiz var. Bilirik ki, İtaliyadakı faşizm daha sonra Almaniyadakı faşizm və digər ölkələrdə də yayılmış ariçilik ideologiyasına əsaslanan bu təmayül İkinci Dünya Müharibəsinin əsas bəlalarından biri olub. Bu baxımdan, irqçiliyin Ermənistanda ön plana çıxarılması, ən azından, bölgəmiz üçün ciddi təhlükələr vəd edir”.
Njdenin türk xalqına və digər xalqlara qarşı böyük cinayət əməlləri törətdiyini vurğulayan tarixçi-alimin sözlərinə görə, Njde İkinci Dünya Müharibəsi illərində irqçilik, mürtəce millətçilik siyasəti yürüdüb. “Bu gün Njde və onun irqçi ideologiyası “Njdeizm” Ermənistanda orta və ali məktəblərdə tədris olunursa, bütövlükdə, bu ölkənin ictimai-siyasi həyatında açıq şəkildə təbliğ edilirsə, bu, dünya üçün çox təhlükəli bir vəziyyət yaradır. Hesab edirəm ki, yalnız Azərbaycan və Türkiyə deyil, xüsusilə də Rusiya Federasiyası və Gürcüstan Respublikası bu məsələdən müəyyən bir nəticə çıxarmalıdır. Çünki bu cür mürtəce ideologiya bəlkə başqalarının nəzərində yalnız türklərə görə hesablanmış bir taktika hesab oluna bilər, əslində isə bu, bəşəriyyət üçün hesablanmış mürtəce bir ideologiyadır. Ona görə də fikrimcə, Ermənistanın həyata keçirdiyi bu mürtəce siyasətlə bağlı dünya dövlətləri ehtiyatlı və diqqətli olmalıdırlar. Dünya dövlətləri “Njdeizm” kimi mürtəce ideologiyanı açıq şəkildə təbliğ edən, hətta dövlət siyasətinə çevirən Ermənistanla münasibətlərinə yenidən baxmalıdırlar. Hətta dünya dövlətləri bununla bağlı xüsusi addımlar atmalıdırlar. Əsasən də özünü demokratiyanın beşiyi hesab edən Amerika Birləşmiş Ştatları, yaxud Ermənistanla bu və ya digər şəkildə müttəfiqlik edən Rusiya Federasiyası bu ölkə ilə münasibətlərini yenidən nəzərdən keçirməlidirlər. Bu dövlətlər bununla bağlı Ermənistana ciddi təzyiqlər, təpkilər göstərməlidirlər. Əks təqdirdə bu cür mürtəce ideologiya genişlənərək bəşəriyyət üçün yeni bəlalar yarada bilər” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA