Mayın 10-u Azərbaycanın sabiq prezidentlərindən olan Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə təsadüf edir. Azərbaycana həm SSRİ zamanı, həm də müstəqillik dönəmində rəhbərlik etmiş bu tarixi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişini həm də Dağlıq Qarabağ probleminin qarşısını almaq yönündə şans kimi dəyərləndirirlər.
Bəllidir ki, Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışıb. Lakin heç kəsdən gizli deyil ki, dünyada ikili standartlar mövcuddur.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 30 aprel 1993-cü il tarixdə 822 №-li, 29 iyul 1993-cü ildə 853 №-li, 14 oktyabr 1993-cü ildə 874 №-li və 11 noyabr 1993-cü ildə 884 №-li qətnamələr qəbul edib. Həmin sənədlərdə BMT Təhlükəsizlik Şurası, əslində Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanıyıb. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixdə 822 №-li qətnaməsinin 1-ci bəndində göstərilir ki, atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir. Buna baxmayaraq, hələ də torpaqlarmız işğal altında qalmaqdadır.
Hadisələrə tarixi ekskursdan bu nəticəyə gələ bilərik ki, o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycandan danışmaq olmazdı. Ölkəmizin durumu çox çətin, acınacaqlı olardı. Regionda, Azərbaycanda marağı olan güclər yenidən bizim müstəqilliyimizə son qoyar, ölkəni parçalayıb əyalətlərə, bölgələrə ayırardılar. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda bu təhlükələr aradan qalxdı, dövlətçilik bərpa edildi.
O vaxt cənubda Əlikram Hümbətov, şimalda isə sadvalçılar hakimiyyəti qəsb etmək uğrunda mübarizə aparırdılar. Belə bir məqamda Heydər Əliyevin Bakıya dəvət edilməsinin və hakimiyyətə gətirilməsinin ən düzgün variant olması barədə qərar qəbul edildi. Heydər Əliyevin Bakıya gəlməsini istəməyənlər də fakt qarşısında qalaraq, bu reallıqla barışmalı oldular. Çünki həmin vaxt Heydər Əliyev Bakıya gəlməsəydi, müstəqilliyimiz məhv olacaqdı, dövlət tamamilə dağılacaqdı və yüz minlərlə insan didərgin düşəcəkdi. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri xarici himayədarlarına güvənərək daha çox ərazimizi işğal edəcəkdi. Azərbaycanın varlığı sual altında qalacaqdı.Yəqin ki, bu faktorlarla hər bir kəs razılaşar.
Həmin vaxt şəhərdə bir-birinin ardınca ağır cinayət hadisələri baş verirdi. Müxtəlif vəzifəli şəxslərin himayədarlıq etdiyi silahlı birləşmələr meydan sulayır, heç kimə tabe olmaq istəmirdi. Bu isə ordudakı vahid komandanlığı da mümkünsüzləşdirirdi. Heydər Əliyevin gəlişi həm də vahid komandanlığa tabe olan nizami ordumuzun formalaşmasını şərtləndirdi. Belə olmasaydı, erməni işğalı davam edə bilərdi.
Məhəmmədəli QƏRİBLİ