Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Hələlik rəsmi təsdiq olunmamış məlumata görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlananların bəzilərinin də adları məlum olub. Bildirilir ki, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanaraq DTX-yə aparılıb. Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov da var. Çoxlarında sanki belə təsəvvür yaranmışdı ki, rüşvət və korrupsiya ilə mübarizə tədbirləri yalnız icra başçıları korpusunu əhatə edəcək. Prezident çıxışında dedi ki, neqativliklər digər mərkəzi icra qurumlarında da mövcuddur. Mədəniyyət Nazirliyində keçirilən əməliyyat və nazir müavini səviyyəsində reallaşan həbslər korrupsiya ilə mübarizənin Prezidentin elan etdiyi istiqamət üzrə davam etdiyinə sübut sayıla bilərmi?
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rüşvətxorluq, korrupsiya əməlləri hər zaman qanunla qadağan edilib: “Bunlarla bağlı Cinayət Məcəlləsində sərt cəzalar nəzərdə tutulur. Ölkəmizdə indiyə kimi də bu qəbildən olan cinayətlərlə bağlı həbslər olub, hətta ağır cəzaya məhkum edilən məmurlar da az olmayıb. Son vaxtlar isə biz tamamilə fərqli mənzərənin şahidi oluruq. Hiss edilir ki, artıq korrupsiya və rüşvətxorluqla mübarizənin aparılmasına şəxsən Prezidentin özü nəzarət edir. Belə neqativliyin kökünün tam kəsilməsi üçün ortaya ali siyasi iradə qoyulur. Prezident dəfələrlə məmurlara xəbərdarlıq etdi ki, qanunlara hörmətlə yanaşıb, şəffaf fəaliyyət göstərsinlər. Hətta bir neçə icra başçısının həbsindən sonra bu xəbərdarlığı bir daha səsləndirdi. Biz nə gördük? Sonrakı həbslər göstərdi ki, sabiq icra başçıları eyni əməlləri davam etdiriblər. Sonrakı çıxışlarında ölkə başçısı bildirdi ki, antikorrupsiya əməliyyatları başqa qurumlarda da aparılacaq. Artıq dünən biz bunun şahidi olduq. Mən də razıyam ki, bu neqativliklərlə mübarizə yalnız icra hakimiyyətlərini əhatə etməməlidir. Əminəm ki, korrupsiyanın kökünün kəsilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Əlaqədar qurumlar, bəzi məmurlar baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Bu məsələdə biz cəmiyyət olaraq ölkə başçısının yanında olmalıyıq. İctimai nəzarəti daha da gücləndirməliyik ki, yaxşı nəticələr əldə edək”.
Məhəmmdəli QƏRİBLİ