“Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir”. Bu barədə Prezident İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində danışıb.
Ölkə başçısının sözlərinə görə, iki ölkə tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəlib: “Ölkələr arasında, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinə gəldikdə isə, əlbəttə, pandemiya mənfi təsirini göstərir. Lakin əminəm ki, biz müsbət əməkdaşlığı qoruyub saxlayacaq və genişləndirəcəyik. Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Neft-qaz sahəsində də vəziyyət yaxşıdır. Bəlkə də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir”.
Xəzərdə hasil olunan Rusiya neftinin Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilməsi yeni məlumatdır və əlaqələrə gözəl nümunədir.
Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
“Hesab edirəm ki, bu çox müsbət tendensiyadır”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Rusiyanın Xəzərdə hasil etdiyi neftin bir hissəsini Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql etməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var: “Məlum olduğu kimi, iki ölkə arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi, humanitar və mədəni əlaqələrə birbaşa müsbət təsir edir. Bunun nəticəsidir ki, Rusiya Xəzər neftinin bir hissəsini ölkəmizin nəqliyyat infrastrukturu ilə nəql edir. Ən başlıcası, bu onu göstərir ki, Rusiya Azərbaycan üzərindən keçən neft-qaz kəmərlərinə, nəqliyyat xətlərinə mənfi prizmadan yanaşmır. Yəni bununla bağlı yaradılan infrastruktura rəqib gözü ilə baxmır. Əksinə, bu imkanlardan tranzit daşımalarda istifadə edir. Hesab edirəm ki, bu çox müsbət tendensiyadır. Məsələnin iqtisadi tərəfinə gəldikdə isə, Azərbaycan bu kimi daşımalardan daha çox qazanacaq. Çünki bütün bunlar ölkəmizin tranzit daşımalarda rolunun artmasına xidmət edir. Bu da daha çox iqtisadi dividendlərin əldə olunması deməkdir”.
Vidadi ORDAHALLI