Koronavirus Ermənistan ordusunda da sürətlə yayılmağa başladı. Artıq bu, rəsmi səviyyədə də etiraf olunur.
Müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, Ermənistan ordusunda yoluxmuş və təcrid olunmuş koronavirus xəstələri var: “Evdə koronavirusdan təcrid edilən hərbçilər var. Onlar izolyasiya ediliblər. Bu da virusun yayılmasının qarşısını alır. Düşünürəm ki, hava ilə bağlı daha da az olacaq. Təhlükəli heç nə yoxdur. Sətəlcəmin ağırlaşması hallarının sayı o qədər azdır ki, bu barədə danışmaq utancverici haldır”.
Ümumilikdə, silahlı qüvvələrdə nə qədər koronavirus hadisəsi qeydə alındığını soruşduqda, nazir belə cavab verib: “Əsasən bunlar Yerevan yaxınlığındakı hərbi hissələrdə qulluq edənlərdir. Təxminən iyirmi nəfərdir, onlardan yalnız üçünün vəziyyəti ağırdır”.
Ancaq erməni mediasının məlumatına görə, əslində, orduda bu virusa yoluxanların sayı deyildiyindən bir neçə dəfə çoxdur. Sadəcə, hakimiyyət koronavirusa yoluxan hərbçilərin həqiqi sayını gizlədir.
“...sosial etirazlardan və bunun ciddi panikaya səbəb olacağından qorxur”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistan ordusunda koronavirusun yayılacağı gözlənilən idi: “Məsələ ondadır ki, Ermənistan ordusu yeni sanitar-epidemioloji normalara uyğun təmin olunmuş kazarmalara, yeməkxanalara malik deyil. O baxımdan infeksiyanın orada daha da yayılması ehtimalı çox böyükdür. Heç şübhə etmirəm ki, bu tendensiya artan xətlə davam edəcək. Çünki Ermənistan ordusunun təminat səviyyəsi çox aşağıdır. Şəxsi heyətin izolyasiyası problemli şəkildədir. Səbəb onunla bağlıdır ki, kazarmalar, səngərlər köhnədir. Bu sahədə yeni infrastruktur yox səviyyəsindədir. Ona görə də koronavirus Ermənistan ordusunda sürətlə yayılır. Ermənistan rəhbərliyi orduda virusa yoluxanların həqiqi sayını ona görə gizlədir ki, sosial etirazlardan və bunun ciddi panikaya səbəb olacağından qorxur. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycan ordusunda bununla bağlı işlər çox yüksək səviyyədə qurulub. Bunun nəticəsidir ki, bizdə koronavirus orduda aşkar olunmayıb”.
Vidadi ORDAHALLI