Şamil Əliyevin “Çölçü” filmi Kəlküttə Beynəlxalq Kult Filmlər Festivalının (Calcutta Internaional Cult Film Festival) “Qızıl Tülkü” (Golden Fox Award) baş mükafatını qazanıb. Mükafatın təqdimetmə mərasimi 2017-ci il dekabrın 5-6-da baş tutub. Bu barədə Azərbaycan İnformasya Mərkəzinə mərasimdə iştirak edən Şamil Əliyev məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında 2012-ci ildə istehsal olunan Şamil Əliyevin “Çölçü” bədii filmi 5 qitəni əhatə edərək 33 beynəlxalq kino festivalında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna və Estoniya daxildir. “Çölçü” filmi 4 dəfə “Ən yaxşı film” kimi baş mükafatlara, 3 dəfə “Ən yaxşı rejissor işinə” görə, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə” jürinin xüsusi diplom və mükafatına, “Humay” milli mükafatına layiq görülüb.
“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...
İRADƏ