“Borçalı” İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, tanınmış Anchorheykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən "Borçalı" İctimai Birliyinin sədri, şair -publisist Dəyanət Osmanlı heykəltəraş Cümşüd İbrahimlinin uzun yaradıcılıq yolundan danışaraq bildirib ki, heykəltəraşın əsərlərində və layihələrində modernist düşüncə ilə ənənəvilik vəhdət təşkil edir. “Babək”, “Koroğlu”, “Pənahəli Xan”, “Nizami Gəncəvi”, “Nuri Paşa”, “Atatürkün salamı”, “Niyazi”, “M.Ə.Sabir”, “Planetin harayı”, “Rəşid Behbudov”, “Səttar Bəhlulzadə” və s. çoxsaylı abidə, büst və barelyef nümunələrində Vətən, torpaq sevgisi, xalqımızın qəhrəmanlıq tarixinə, görkəmli şəxsiyyətlərə sayğı əksini tapmışdır. Heykəltəraşın bu günümüzlə səsləşən layihə-eskiz modellərindən biri hələ 1991-ci ildə hazırladığı “Pənahəli Xan” atlı monumental abidəsidir. Şuşa şəhəri üçün nəzərdə tutulan əsərdə Pənahəli Xan şahə qalxmış Qəmər atın belində, bir əlində qalxan, bir əlində sıyrılmış qılınc təsvir olunub. Cümşüd İbrahimli bu gün də həmişəki yaradıcılıq əzmini qoruyub saxlayır və həvəslə yeni abidə layihələri üzərində işləyir.
BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan heykəltəraş Cümşüd İbrahimlinin yaradıcılıq yolunun əlamətdar, milli-mənəvi-dəyərlərə bağlı olduğunu deyib: “Onun toxunduğu mövzular milli və bəşəri səciyyə daşıyır, əsərlərində tariximizin, tarixi şəxsiyyətlərimizin ruhunu səmimiyyətlə anır, xatirəsini ustalıqla daşın yaddaşına köçürür”.
Tədbirdə digər çıxışçılar da Cümşüd İbrahimli barədə fikirlərini bölüşüblər, onun xarakter etibarilə vətənə bağlılığından, bir-birindən maraqlı yaradıcılıq xüsusiyyətlərindən söhbət açıblar, yeni uğurlar arzulayıblar
Sonda Cümşüd İbrahimliyə “Borçalı” İctimai Birliyinin “Borçalının fəxri” diplomu təqdim olunub.