15/12/2019 16:42
728 x 90

Qubada dələduz qadın yaxalandı - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacat saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağı, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyi, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də rayon ərazisində balıq məhsullarının satış mərkəzinin təşkil edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 40.000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib.

Qeyd edək ki, İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədilə bir müddət Bakı şəhərində yaşayıb və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin hicabdan istifadə edib. Polis tərəfindən saxlanılan zaman da onun əynində dini geyim və hicab olub.

Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Bu qadının əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər