İyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etməyin mümkün olmaması və orada ölməsi barədə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı