Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanıb. Onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Həyata keçirilən digər tədbirlər nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Həsənabad qəsəbə sakini Çingiz Ağayevin yaşadığı evə baxış zamanı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Göyçay rayon sakini Daşqın Məmmədovdan ümumilikdə 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı tüfəng götürüblər.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Həmçinin aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı