Yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.
Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri – Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkçə aşkar edilib.
Saxlanan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı