Ötən gecə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında atışma baş verib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Atışma zamanı ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın avtomobilinə də güllə dəyib. Səfirlikdən də Derek Hoqanın avtomobilinə park edildiyi yerin yaxınlığında baş verən dava zamanı atılan təsadüfi güllənin dəydiyini təsdiqləyiblər.
Səfirlikdən APA-ya verilən məlumata görə, hadisə baş verən zaman Derek Hoqan avtomobildə olmayıb: "Hadisə zamanı heç bir səfirlik əməkdaşı xəsarət almayıb. Polis araşdırması davam edir. Biz digər bütün sorğuların cavablarını yerli səlahiyyətli şəxslərə buraxırıq".
Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.