20/06/2019 05:46
728 x 90

Azərbaycanda 30 bankdan 15-i uçuruma gedir...

Əli Əlirzayev: “Aktivin azalması bankın vəziyyətinin daha pis olmasına səbəb ola bilər”

img

“Bankların aktivlərinin azalması krediti az verməsi səbəbindən qaynaqlanır”

Açıqlanan statistik rəqəmlərə əsasən, bu il aprelin 1-nə olan vəziyyətə görə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin aktivləri illik müqayisədə azalıb. Qeyd edək ki, bank aktivləri azalan banklar “Bank VTB Azərbaycan”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank”, “Zıraat Bank Azərbaycan”, “AGBank”, “Access Bank”, “Bank Avrasiya”, Pakistan və İran Milli Banklarının Bakı filialı, “Yapı Kredi Bank Azərbaycan”, “Atabank”, “Express Bank”, “Bank of Baku”, “Nikoyl Bank” və “AFB Bank”dır. Onu da bildirək ki, aktivlərdə ən çox azalma “AFB Bank”da (19,9%), ən az azalma isə “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı”nda (0,1%) qeydə alınıb. Qalan 15 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım “Bank Respublika”da (46,9%), ən az artım isə “Bank BTB” də (0,3%) baş verib. Maraqlıdır, aktivləri azalan banklar bağlana və ya birləşə bilərmi?

İqtisadçı Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “bankın aktivləri” dedikdə ilk növbədə onun verdiyi kreditlərin həcmi nəzərdə tutulur: “Bankların aktivlərinin azalması krediti az verməsi səbəbindən qaynaqlanır. Banklar az vəsait cəlb etdiyi üçün az da kredit verir. Bu heç də o demək deyil ki, bankın vəziyyəti pisdir. Bəzən bazarda kredit vermək çətinləşir. Hazırda etibarlı, ödəniş qabiliyyəti olan müştəri tapmaq banklar üçün çətindir. Buna görə də banka çox pul lazım deyil. Banklar vəsaiti Mərkəzi Bankdan, yaxud xaricdən kredit götürmək yolu ilə cəlb edirlər. Bank düşünür ki, az kredit götürüb az da kredit verəcək, əmanət qoymaq istəyənlər üçünsə faiz dərəcəsini azaldacaq. Bu halda bankın aktivi azalır, amma prinsipcə sağlamdır. Bank da var ki, xarici və daxili krediti də çox götürür, eyni qaydada da çox kredit verir. Amma indiki şəraitdə çox kredit vermək təhlükəlidir. Son nəticədə bu kreditlər problemli aktivə çevrilə bilər. Müştəri bu kreditin borcunu qaytara bilməyəndə bank da öz borcunu icra edə bilməyəcək və son nəticədə müflisləşəcək. Yəni aktivin azalması bankın daha ehtiyatlı davranmağa çalışması ilə də bağlı ola bilər. Bununla yanaşı, bankın vəziyyətinin daha pis olma ehtimalı da var. Buna görə də yalnız aktivlərin həcminə görə bank sisteminə qiymət vermək çətindir. Hesab edirəm ki, adıçəkilən bankların arasında kifayət qədər yaxşıları da var, pisləri də. Buna görə də bu meyarı rəhbər tutmazdım. Ola bilər ki, son ildə aktivi artmış bankların içərisində eləsi də var ki, vəziyyəti əslində pisdir. Yəni kredit verir, amma həmin vəsaitləri qaytara biləcəyi başqa məsələdir”.

Günel CƏLİLOVA

Son xəbərlər