20/06/2019 05:40
728 x 90

“Moody`s”ın Azərbaycan iqtisadiyyatı ilə bağlı bu proqnozu qəti inkar olunur – hələ 30 il enerjidən asılılıq?

“Azərbaycanın enerji resurslarından asılılığı 25 il deyil, daha az çəkəcək”

img

“Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın elastikliyinin və valyuta bazarının sabitliyinin dəstəklənməsində müsbət rol oynaya bilər, lakin iqtisadiyyatın enerji resurslarından asılılığı davam edəcək”. Bunu Bakıda “Moody`s”ın Azərbaycanla bağlı illik konfransında təşkilatın ölkə risqləri üzrə analitiki Kristian Fanq deyib.

O daha sonra bildirib: “Hazırda Azərbaycan hələ də enerji resurslarından çox asılıdır. Bu vəziyyət yaxın 25-30 il ərzində də davam edəcək".

Ancaq ekspertlər isə bildirirlər ki, Azərbaycan iqtisadiyyatının enerji resurslarından asılılığı 25-30 il deyil, qısa müddət çəkəcək. Çünki ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində qeyri-neft sektoru inkişaf edir və edəcək.

  • Fikrət Yusifov: “Ölkə iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulan işlər tam şəkildə icra olunarsa, Azərbaycanın enerji resurslarından asılılığına 5-6 il ərzində son qoyular

İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, enerji resurslarından ölkələrin tam şəkildə aralanması uzun bir prosesdir: “Bir sıra xarici ölkələr enerji resurslarından asılı vəziyyətdə deyil. Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı çoxlu sayda qərar qəbul olunub. Nəzərə almaq lazımdır ki, Azərbaycan gənc dövlətdir. Gənc bir dövlətin bu illər ərzində iqtisadi baxımdan əldə etdiyi uğurlar təqdirəlayiqdir”.

F.Yusifovun sözlərinə görə, bu gün Azərbaycanın ixrac etdiyi məhsulların təxminən 90 faizi neft məhsullarıdır: “Məlumdur ki, gələn il “Cənub Qaz Dəhlizi” ilə Avropaya qaz nəql edəcəyik. Təbii ki, bu sahədən iqtisadiyyata daxil olacaq valyuta gəliri artacaq”.

İqtisadçının fikrincə, Azərbaycanın enerji resurslarından asılılığı 25 il deyil, daha az çəkəcək. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulan işlər tam şəkildə icra olunarsa, Azərbaycanın enerji resurslarından asılılığına 5-6 il ərzində son qoyular”.

Həmsöhbətimiz onu da vurğuladı ki, strateji yol xəritələri və qeyri-neft sekrorunun inkişafını ehtiva edən digər proqramlar layiqincə icra olunarsa, yaxın illər ərzində qeyri-neft sektorunda inanılmaz uğurlar əldə olunar: “Nəzərə almaq lazımdır ki, Azərbaycan qeyri-neft sektorunda kifayət qədər uğur əldə edib. Ümumdaxili məhsulda qeyri-neft sektorunun payı artıb. Ancaq bu sektorda ixracın həcmini artıra bilərik. Ümid edirəm ki, görülən işlər sayəsində bu sahədə istənilən nəticəyə nail olunar”.

Günel CƏLİLOVA

Son xəbərlər