Dünya bazarında neft qiymətləri 30 dollara qədər gerilədi. Bunun ardınca neftin 10 dollar səviyyəsinə düşəcəyi barədə proqnozlar da səsləndirilməyə başlandı. Mütəxəssislər qara qızıl 10 dollara düşəcəyi halda buna çox az ölkənin dayana biləcəyini bildirirlər.
Baki-xeber.com xəbər verir ki, "Standard Chartered”in açıqladığı hesabatda, neftin qiymətləri ətrafında gedən proseslərin tələb və təkliflə bağlı olduğunu və bu vəziyyətin neft qiymətlərini 10 dollara qədər endirə biləcəyi qeyd edilir.
Ancaq mütəxəssislər 10 dollar səviyyəsinə dözə biləcək ölkə sayının çox az olduğunu bildirir. Araşdırmalara görə, Kanada 41 dollar, ABŞ 36.20 dollar, Nigeriya 31.60 dollar, Çin 29.90 dollar, Meksika 29.10 dollar, Rusiya 17.20 dollar, İran 12.60 dollar, Birləşmiş Ərəb Əmrlikləri 12.30 dollar və İraq 10.70 dollara qədər dözə bilər.
Neftin bareli 10 dollara sonuncu dəfə 1989-cu ildə Asiyadakı iqtisadi böhran vaxtı düşüb. Həmin vaxt benzinin qiyməti 86 sent olub.
Həmçinin Beynəlxalq Valyuta fondunun icraçı direktoru Kristin Laqard xəbərdarlıq edib ki, tələb və təkliflərin azalmasına görə, neftin qiyməti uzun müddət yəqin ki, aşağı həddə qalacaq.
Qeyd edək ki, "Standard Chartered” dünyada aparıcı banklardan biridir.