Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib. "APA-Economics"in məlumatına görə, məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.
AMB-nin ölkədə fəaliyyət göstərən bütün banklara və poçt rabitəsinin milli operatoruna ("Azərpoçt" MMC) ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bugünkü qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı) müəyyən edilib.
"Qeyd olunanlarla əlaqədar, banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə riayət edilməsinə ciddi nəzarət olunmalıdır", - deyə məktubda qeyd edilib.