Vergi borcu olan 41 şou-biznes nümayəndəsindən 34-ü borcunu ödəyib. Vergilər Nazirliyindən "Azadlıq radiosu”na verilən məlumatda belə deyilir. Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Almaz Ələsgərli, Manaf Ağayev, Rüfət Axundov, Nazim Pişyari və başqalarının vergi borclarını ilin sonuna kimi tamamilə ödədikləri bildirilir.
"Son bir neçə ay ərzində aparılmış geniş maarifləndirmə işləri və görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb. Vergi borcları olan şou-biznes nümayəndələrinin borclarının çox hissəsi dövlət büdcəsinə ödənilib. Vergilər Nazirliyinin vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin adlarının ictimaiyyətə açıqlanması da prosesə müsbət təsirini göstərib”, - nazirlikdən deyilir.
Amma bununla belə, bəzi şou-biznes nümayəndələri hələ də vergi borclarını ödəməyə tələsmirlər. Buna görə də Vergilər Nazirliyi onların fəaliyyətini "ciddi nəzarətə” götürdüyünü bildirir. Bundan sonra müğənnilər hər bir çıxışın hesabatını verməli olacaqlar: "Onların yeni il şənliklərində və toylardakı çıxışları qeydə alınıb. Yanvar ayının axırlarında həmin şəxslərin təqdim etdikləri hər bir bəyannamə vergi orqanlarının əldə etdikləri məlumatlarla üzləşdiriləcək və nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.