Astara gömrük keçid məntəqəsində və yük terminalında Azərbaycan və Dağıstan dövlət nömrə nişanlı təxminən on yük maşınının tıxacı yaranıb. Bu barədə RİA Dağıstan agentliyi məlumat yayıb.
Dağıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, yük Ermənistanda yetişdirilən bibərlərdən ibarət olub və Rusiyaya təkrar ixrac üçün nəzərdə tutulub. Lakin İran vasitəçilərinin malları İran məhsulu kimi təqdim etmək üçün sənədləri saxtalaşdırmağa cəhd etdiyi aşkar edilib.
Dağıstanlı sürücülər on gündür qərar gözləyirlər. Bu müddət ərzində bəzi bibərlər xarab olmağa başlayıb - onların son istifadə tarixi də bitir. Daşıyıcılar malların boşaldılması üçün icazə istəyirlər, lakin vasitəçilər onları boşaltmadan daşımaqda israr edirlər.
Dağıstan Regional Avtomobil Daşıyıcıları İctimai Təşkilatı məsələni öz üzərinə götürüb. Proseduru aydınlaşdırmaq və məcburi dayanmaya görə, kompensasiya almaq üçün tezliklə İran Ədliyyə Nazirliyinə müraciət ediləcək.
Dağıstan Nəqliyyat və Yol İdarəetmə Nazirliyi qanunsuz Ermənistan məhsullarının daşınmasının qəbul edilməz olduğunu və onların Rusiyaya idxalına icazə verilmədiyini bildirir.
Tahir TAĞIYEV