Rusiyada Sberbank ipoteka kreditinin baza faizini qaldırdığını elan edib. Bank illik ipoteka kreditini 2 faiz artıraraq ipotekaların bütün növləri üçün minimum həddi 14,5 faizə çatdırıb.
Bu minimum hədd həm hazır, həm tikintisi bitməmiş mənzillərə şamil edilir. Gənc ailələr və yeni ucaldılmış binalarda ev alanlar üçün ipoteka kreditlərinin faizi müvafiq olaraq 15,5 faiz və 14,5 faiz həddində müəyyən edilib.
Bu arada ipoteka kreditinin alınması üçün ilkin ödənişin (depozitin) məbləği də 10-15 faizdən 20 faizədək qaldırılıb. İpoteka kreditini şərikli qaydada alanlar üçün isə depozit məbləği 40 faizdən 50 faizə artırılıb.
İpoteka kreditinin bahalaşması Rusiya Mərkəzi bankının bütün növ kreditlərə şamil edilən baza faizini artırmaq qərarından sonraya təsadüf edib.