Ermənistan hökumətinin aprel ayının sonuncu şənbəsini “Ermənistan vətəndaşı günü” elan etməsi və bu günün hər il bayram kimi qeyd olunması qərarı bu ölkədə birmənalı qarşılanmayıb.
Məsələyə ən kəskin münasibəti isə Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov göstərib. Belə ki, martın 22-də feysbukda birbaşa efirə çıxan Şarmazanov baş verənləri hökumətin növbəti şousu adlandırıb. O deyib ki, hətta müşavirədə hökumət üzvlərindən birinin yerindən qalxaraq bu günü əhəmiyyətinə görə 21 sentyabrdan (müstəqillik günü) sonra ikini yerə qoyması ordu günü, 9 may kimi bayramların aşağılanmasıdır və xalqa təhqirdir. Şarmazanov canlı yayımda Baş nazir Paşinyanı ələ salmaqdan da çəkinməyib, deyib ki, o zaman 1 iyunu – Paşinyanın doğum gününü də əsas bayramlar sıyahısına salın. Paşinyanın hakimiyyətə gələrkən “minbir möcüzə” vəd etdiyini xatırladan siyasətçi deyib ki, nədənsə, bu möcüzələrdən artıq danışılmır, əvəzində Baş nazir hər çıxışında bütün günahları köhnə iqtidarın boynuna yıxmaqla vəziyyətdən çıxmağa çalışır. Paşinyana xitab edən partiya sözçüsü deyib ki, başqalarına çirkab atmaqla özünü təmizə çıxmış zənn etmə, sən artıq müxalifətçi deyilsən ki, bu yolla özünə dividend qazanasan.
Paşinyanın mətbuat konfransında güc strukturlarına xüsusi tapşırıq verdiyini xatırladan Şarmazanov Paşinyanın istər hökumətin, istərsə də ayrı-ayrı məmurların işində uğursuzluqların olmaması barədə dediklərinə cavab olaraq qeyd edib ki, biri ona desin, belə bir uğursuz insan var və onun adı Nikol Paşinyandır, çünki o hər şeyi məhv etdi, əvəzində isə ortaya heç nə qoya bilmədi...
SAMİRƏ