“Bu sahənin yeni istiqamətlərini müəyyənləşdirəcək bu səmərəli görüş mədəniyyətimizə böyük töhfə verdi”
Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimləri, ziyalılarla görüşüb. Ziyalılar tərəfindən böyük tarixi hadisə kimi qiymətləndirilən bu görüşdə çağdaş ədəbiyyatımızın, mədəniyyətimizin müasir inkişaf istiqamətlərinin müəyyən olunduğu şübhəsizdir. Ümumiyyətlə, Prezident ziyalılarla görüşdə mədəniyyətimizin bir sıra inkişaf perspektivlərini müəyyən edib.
Sözügedən görüşdə iştirak edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı baki-xeber.com-a bildirdi ki, bu görüşün mədəniyyətimizin müasir yönünün formalaşmasında əhəmiyyəti böyükdür. O vurğuladı ki, yazıçıların, alimlərin, teatr xadimlərinin, musiqi və təsviri incəsənət nümayəndələrinin, memarların bu görüşdə iştirakı mədəniyyətimizlə bağlı bir sıra problemlərin gündəmə gəlməsinə səbəb oldu. “Bu əlamətdar görüşü Prezident İlham Əliyevin mədəniyyətimizə, ədəbiyyatımıza, aşıq sənətinə və digər sahələrə göstərdiyi diqqət və qayğının təzahürü sayıram. Bu görüşdə cənab Prezident incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri ilə çox açıq söhbətlər etdi, hər kəsə öz fikrini bildirmək üçün şərait yaratdı. Burada hər kəs öz fikrini açıq şəkildə bildirdi. Cənab Prezident mədəniyyət sahəsində görülməli olan işlərlə bağlı mədəniyyət xadimləri, ziyalılarla fikir mübadiləsi apardı. Bilirsiz ki, Prezidentin ədəbiyyatımıza, mədəni irsimizə qayğısı çox böyükdür və o ölkə Prezidenti seçildikdən sonra ilk qərarından biri məhz Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap edilməsi ilə bağlı oldu. Mən bu görüşün əhəmiyyətini qeyd etmək istəyirəm. Hesab edirəm ki, cənab Prezidentin bizimlə görüşü mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, aşıq sənətimiz üçün yeni inkişaf mərhələsinin əsasının qoyulmasına səbəb oldu. Bu sahənin yeni istiqamətlərini müəyyənləşdirəcək bu səmərəli görüş mədəniyyətimizə böyük töhfə verdi”.
M.Qasımlı vurğuladı ki, bu gün həm tarixi-mədəni isrimizə, həm müasir mədəniyyətimizə, həm aşıq sənətinə, həm muğama, həm kinoya, həm teatra, həm də mədəniyyətin digər sahələrinə böyük dövlət qayğısı var. O həmçinin qeyd etdi ki, bu sahədə Birinci vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolu danılmazdır. Onun milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrin mədəniyyətimizin dünyada təbliğində önəmli rol oynadığını deyən M.Qasımlı hesab edir ki, bundan sonra Azərbaycan mədəniyyəti daha yüksək səviyyədə inkişaf edəcək.
İradə SARIYEVA