“Mədəniyyət xadimlərinin sosial paketdən yararlanması və mənzillə təmin edilməsi bu sahədə ümumi işin xeyrinə olacaq”
“Hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək”.
Bunu Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir: “ Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Mən Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri də qəbul edirəm. Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub. Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir”. Göründüyü kimi, Azərbaycanda sosial paketin əhatə dairəsi daha da genişləndirilir. Ölkə başçısının qərarı sayəsində yaşlı və gənc mədəniyyət xadimləri də mənzillə təmin ediləcək. O baxımdan sözügedən mədəniyyət xadimlərinin sosial paketdən faydalanmaq imkanlarını ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, məlum qərar olduqca mütərəqqi addımdır: “O baxımdan Prezident İlham Əliyevin bu qərarını alqışlayıram. Ölkə prezidenti hər zaman mədəniyyətin inkişafına xüsusi qayğı göstərib. Bununla yanaşı, bir sıra istedadlı, Azərbaycanı uğurla təmsil edən mədəniyyət xadimləri var ki, onların mənzil problemi var. Xüsusən də yaşca cavan olanların bununla bağlı problemləri daha çoxdur. Mənzil baha başa gəldiyi üçün onların gəlirləri bunu reallaşdırmağa imkan vermir. Nəticədə illərlə kirayələrdə qalırlar və bu onların, yeri gələndə, yaradıcılıq fəaliyyətinə də mənfi təsir göstərir. O baxımdan, mədəniyyət xadimlərinin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə qərar verilməsi əlamətdar hadisədir. Bu onların daha yaxşı şəraitdə yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradacaq. Sözügedən qərar, eyni zamanda, bu kateqoriyadan olan şəxslərin mənzil probleminin həllinə ciddi şəkildə təkan verəcək. Ona görə də mədəniyyət xadimlərinin sosial paketdən yararlanması və mənzillə təmin edilməsi bu sahədə ümumi işin xeyrinə olacaq. O üzdən bir daha bunu alqışlayıram”.
Vidadi ORDAHALLI