Azərbaycanın media məkanında sərbəstliyin olmasından istifadə edən bəzi işbazların müqəddəs jurnalist peşəsindən də bəzi xoşagəlməz məqsədlərin həyata keçirilməsində istifadə etdiyi artıq heç kəsdən ötrü sirr deyil. Məhz bu məqsədlə də hər gün az qala onlarla yeni saytın yaranmasının şahidi oluruq. Lakin daha pisi odur ki, belələri öz şübhəli reputasiyalarını ört-basdır etmək üçün bir çox hallarda cəmiyyətdə nüfuz sahibi olan, sanballı mətbu orqanların adlarından yararlanır.
Belə bir vəziyyət, təəssüf ki, “Bakı-Xəbər” qəzetindən də yan ötməyib. Belə ki, bu günlərdə meydana “bakixeber.az” saytı çıxıb ki, onun qəzetimizin adını təqlid elədiyini əlavə şərhə ehtiyac yoxdur. Lakin problem təkcə ad məsələsində olsa idi, dərd yarıydı. Bəla burasındadır ki, bu saytın getdiyi yolla “Bakı-Xəbər” qəzetinin bəlli kursu arasında yerlə-göy qədər fərq var. Təbii, qəzetin rəhbərliyi məsələ ilə bağlı müəyyən araşdırmalar aparacaq. Hörmətli oxucularımızın isə diqqətinə çatdırırıq ki, “bakixeber.az” saytının “Bakı-Xəbər” qəzetinə və “baki-xeber.com” saytına heç bir aidiyyəti yoxdur.
Baki-xeber.com