"Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu ölkənin ən vacib sənədidir". APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: “Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır".
Qeyd edək ki, bu il sentybarın 26-da Azərbaycanda Konstitusiya Aktına əlavə və dəyişiklikllə bağlı referendum keçiriləcək.
ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdi. Trend-in məlumatına görə, bu sözləri də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
"Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Ötən həftə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb".
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir. Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi", - deyə Sekuta bildirib.
Səfir əlavə edib ki, ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır.