Avropa İttifaqı (Aİ) gərginliyin yaranmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş səyləri korlayan fəaliyyətləri pisləyir. Bunu Trend-ə Avropa komissarının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə rəsmi nümayəndəsi Mayya Kosyançiç işğal edilmiş Dağlıq Qarabağın separatçı rejiminin iki azərbaycanlı girovu qanunsuz mühakimə etməsi ilə bağlı Aİ-nin mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə əsasən, Aİ münaqişələr zamanı həbsxanalarda saxlanılan və girov götürülmüş vətəndaşlara münasibətdə beynəlxalq hüquq üzrə öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qeyd edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Bazeldə nazirlərin görüşündən sonra ötən il dekabrın 4-də verilmiş bəyanatda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyanatına müvafiq olaraq humanitar problemləri nizamlamağa çağırıblar”.