Ukraynanın şərqində gedən döyüşlərdə qəhrəmancasına həlak olan azərbaycanlı kapitan Bağırov İlqar Saleh oğlu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev APA-ya bildirib ki, İ. Bağırovun Kiyev vilayətinin İrpen şəhərində yaşayan ailəsi ilə görüş keçirilib və təltifolunma barədə Müdafiə Nazirliyindən göndərilən rəsmi sənədin surəti ailə üzvlərinə təqdim edilib.
Assambleya üzvləri, o cümlədən Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini və İrpen şəhəri üzrə sədri Namiq Quliyevin iştirakı ilə keçirilən görüşdə mərhum zabitin ailəsinə yardım göstərilib və bildirilib ki, İ. Bağırova bu ordendən əlavə "Ukrayna Qəhrəmanı" adının verilməsi üçün imzatoplama kampaniyası aparılır.
Xatırladaq ki, azərbaycanlı zabitin ölümündən sonra BUAK və Millətlər Assambleyası prezident Pyotr Poroşenkoya müraciət edərək onun igidliyinin qiymətləndirilməsini xahiş etmişdi.